Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetinin rektoru, İqtisad elmləri doktoru, professor Tulkin Zakiroviç Teşabayev Azərbaycana gəlib.
Rektor AZXEBER.COM-a özəl müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Bakıya xoş gəlmisiniz. Ölkəmizə səfərinizin məqsədi haqqında danışa bilərsiniz?
- Bu səfərimin əsas məqsədi əvvəla Azərbaycanla tanış olmaqdır. İkinci növbədə isə Azərbaycan Dövlət İqtisad Universiteti ilə tanışlıqdır. Biz İqtisad Universitetində qonaq olduq. Universitetin rektoru Ədalət Muradov bizi universitetlə tanış etdi. Hər iki universitet arasında memorandum imzaladıq. Yekun olaraq qərara gəldik ki, qarşıdakı illərdə də əməkdaşlığımızı davam etdirək. 1+1 proqramına uyğun olaraq bu ildən etibarən tələbələrin qəbulunu elan edəcəyik. Tələbələr 1 il Özbəkistanda, 1 il Azərbaycanda təhsil alacaqlar. Yekunda iki diplom veriləcək ki, bu diplomlar hər iki dövlətin Təhsil Nazirliyi tərəfindən tanınacaq.
- Azərbaycan və Özbəkistan universitetlərinin əlaqəsini necə qiymətləndirirsiniz?
- Təkcə Azərbaycan və Özbəkistan universitetləri arasında yox, iki ölkə arasında da qardaşlıq münasibətləri yüksək səviyyədədir və günü-gündən daha da möhkəmlənir. Bir faktı da qeyd edim ki, 2022-ci ildə Daşkənddə azərbaycanlıların daha çox yaşadığı bölgədə Ulu Öndər Heydər Əliyevin adına yaradılan abidənin açılışı baş tutub. Bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak etmişdi. Hazırda Özbəkistanda xeyli azərbaycanlı dostlarımız var.
- Əziz rektor, gəlin bir az da Özbəkistanın Gənclər siyasəti haqqında danışaq...
- Ölkə prezidenti Şavkat Mirziyoyev gənclərə xüsusi diqqət yetirir. 30 iyun bizim ölkədə Gənclər günü kimi qeyd olunur. Həmin gün prezident gənclərlə görüşür. Müxtəlif çərçivələrdə gənclərə diqqət ayırır. Xüsusilə gənc qızlara diqqət ayrılır. Onu da qeyd edək ki, bakalavr təhsilini başa vurmuş tələbə qızlara imtahansız və ödənişsiz magistra qəbul olmaqlarına şərait yaradılır. Bakalavrı bitirən hər tələbə qız bu şansdan yararlana bilər.
- Özbəkistan dövləti Qarabağda böyük məktəb inşa edib. Ölkənizin bu addımını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, bu Azərbaycan və Özbəkistan arasında olan dostluq əlaqələrinin əsas göstəricilərindən biridir. Biz bu addımı yüksək qiymətləndiririk. Biz Azərbaycana xüsusi diqqət yetiririk və düşünürük ki, siz də bizim bu addımımızı olduqca qiymətləndirirsiniz”.
Oksana Orucova
Fərid Faiqoğlu