Özbəkistan Prezidenti Şavkat Mirziyoyev uşaqlara qarşı cinayətlərə, o cümlədən 14 yaşından kiçik şəxslərə qarşı cinsi zorakılığa görə məsuliyyəti sərtləşdirən qanun imzalayıb.
Bu barədə Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, sənəd beş məcəlləyə və altı qanuna dəyişikliklərin edilməsini nəzərdə tutur:
"Bundan sonra 14 yaşından kiçik uşağa qarşı cinsi zorakılıq törətmiş şəxsləri 25 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir".
S.Mirziyoyeva həmçinin qeyd edib ki, uşaqlara qarşı zorakılığa görə bütün təqsirkarlar, o cümlədən təhsil müəssisələrinin əməkdaşları və qohumlar məsuliyyət daşıyacaqlar.











































