Zəfər Günü Pirallahıda təntənə ilə qeyd edildi - Fotolar

Zəfər Günü Pirallahıda təntənə ilə qeyd edildi - Fotolar
SOSİAL
14:25 07.11.2026
62
Pirallahı rayonunda 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

AZXEBER.COM xəbər verir ki, bayram ərəfəsində rayon ərazisinin Zəfər Gününün ruhuna uyğun bəzədilməsi üçün geniş hazırlıq işləri görülüb.

Gürgən qəsəbəsinin girişində, Qala divarlarının üzərində, mərkəzi yol boyunca və əsas küçələrdəki binaların eyvanlarında Azərbaycanın dövlət bayrağı ucaldılıb.

Bundan əlavə, "Vətən uğrunda” abidə kompleksinin ətrafında və Gürgən qəsəbə qəbiristanlığındakı şəhid məzarlarının ərazilərində təmizlik və abadlıq işləri görülüb.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, millət vəkili Vüqar İskəndərovun, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasovun, eləcə də idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində ümumilikdə 700 ağac və gül kolu əkilib, mövcud ağacların dibləri yumşaldılıb, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Aksiyadan sonra Vasif İmanovun rəhbərliyi ilə tədbir iştirakçıları "Vətən uğrunda” abidə kompleksini ziyarət ediblər. Ziyarətdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. RİH başçısı və digər iştirakçılar abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra Pirallahı Gənclər Evində "Şanlı zəfərimiz - milli qürurumuzun zirvəsi” adlı tədbir keçirilib. Tədbirdən əvvəl Gənclər Evinin dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub. Himn səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb.

Tədbirin rəsmi hissəsində ilk olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayon ictimaiyyəti adından tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edərək bu tarixi günün Azərbaycan xalqının yaddaşında milli qürur, birlik və dövlətçilik iradəsinin təcəssümü kimi xüsusi yer tutduğunu bildirib.

O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, yüksək döyüş hazırlığı və peşəkarlıq, eləcə də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik tarixi qələbənin əldə olunmasında həlledici rol oynayıb.

V.İmanov Pirallahı rayonundan olan şəhidlərin və müharibə iştirakçılarının da Vətən uğrunda mübarizədə göstərdikləri fədakarlığın ümumxalq zəfərinin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunan Vasif İmanov Böyük Qayıdış proqramının uğurla icrasının tarixi torpaqlarımızda həyatın yenidən canlanmasına, müasir infrastrukturun yaradılmasına və yaşayış məntəqələrinin bərpasına xidmət etdiyini bildirib. Sonda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, qazilərə və şəhid ailələrinə diqqət və qayğının göstərilməsinin hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Pirallahı Məhkəməsinin sədri Faiq Qasımov çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından tarixi əhəmiyyət daşıdığını bildirib. 

Millət vəkili Vüqar İskəndərov 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqının milli həmrəyliyinin, vətənə bağlılığının və mübarizə əzminin parlaq təzahürü olduğunu qeyd edib. O, 44 günlük Vətən müharibəsi zamanı formalaşan xalq-ordu-iqtidar birliyinin tarixi qələbənin əsas dayaqlarından birinə çevrildiyini qeyd edib. 

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxışında Azərbaycanın qazandığı tarixi zəfərin möhkəm siyasi təməllərə, ardıcıl dövlətçilik siyasətinə və milli maraqlara əsaslanan inkişaf strategiyasına söykəndiyini bildirib.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, eləcə də rayonun mədəniyyət müəssisələrinin kollektivlərinin iştirakı ilə təqdim olunan konsert proqramı rəngarəng çıxışları ilə yadda qalıb.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR