Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub - VİDEO

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub - VİDEO
SOSİAL
23:25 05.08.2026
156
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayıb. Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi də məlum olub.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktorunun müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib ki, maliyyələşmə aylıq əsasda həyata keçiriləcək.

Agentlik rəsmisi deyib ki, hər bağçanın müəyyən tutumu var və bu məlumat məktəbəqədər təhsil informasiya sistemində qeyd olunur. Həmin yerlərin bir hissəsi artıq tam ödəniş edən valideynlərin uşaqları üçün nəzərdə tutulub, digər hissəsi isə yeni qəbul olunan uşaqlara ayrılacaq. Əgər hər hansı valideyn uşağını bir bağçadan çıxarıb başqa bağçaya keçirərsə, həmin yer boşalacaq və növbədə olan digər namizəd həmin yerdən yararlana biləcək.

Vəfa Yaqublunun sözlərinə görə, təhsil müəssisəsi təhsil haqqını müqavilədə müəyyən edir. Əgər sonradan qiyməti artırırsa, valideynlə yeni müqavilə bağlanmalıdır. Bakı şəhərində dövlət tərəfindən ayrılan maksimum məbləğ 300 manatdır və qalan hissəni valideyn ödəməlidir. Əgər buna razıdırsa, müqavilə qüvvədə qalacaq, razı deyilsə, müqavilədən imtina edə bilər. O da qeyd olunub ki, hazırda sistemdə 170 özəl müəssisə qeydiyyatdadır. Cari ildə daha 10 yeni müəssisə qeydiyyatdan keçib, lakin onlar hələ sistemə tam inteqrasiya olunmayıb. Qaliblər müəyyən olunduqdan sonra Elm və Təhsil Nazirliyinin elektron informasiya resurslarında onların siyahısı dərc ediləcək və valideynlər uyğun müəssisəni seçə biləcəklər.

OXŞAR XƏBƏRLƏR