Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini köklü şəkildə dəyişəcək. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O vurğulayıb ki, bu prosesdə Azərbaycan əsas rol oynayır və Bakı Avropa İttifaqını yeni nəqliyyat sisteminin bir hissəsi kimi görməkdə maraqlıdır.
Politoloq Aytən Qurbanova AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu fikirlər Zəngəzur dəhlizinin yalnız regional deyil, eləcə də qlobal nəqliyyat arxitekturasında fundamental dəyişikliklər yaradacağını bir daha təsdiqləyir:

"Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin Brüsseldə səsləndirdiyi fikirlər Zəngəzur dəhlizinin yalnız regional deyil, eləcə də qlobal nəqliyyat arxitekturasında fundamental dəyişikliklər yaradacağını bir daha təsdiqləyir. Belə ki, Zəngəzu dəhlizinin açılması Avrasiyanın şərq–qərb istiqamətində yeni strateji bağlantı xəritəsi formalaşdırmaqla yanaşı, nəqliyyat-kommunikasiya axınlarını daha şaxəli, təhlükəsiz və səmərəli müstəviyə keçirəcək”.
Politoloq qeyd edib ki, Azərbaycanın bu prosesdə aparıcı mövqeyi isə ölkəmizin geostrateji rolunun artmasının təbii nəticəsidir:
"Azərbaycanın bu prosesdə aparıcı mövqeyi isə ölkəmizin geostrateji rolunun artmasının təbii nəticəsidir. Beləliklə də, Azərbaycan uzunmüddətli milli maraqlarına uyğun olaraq bölgəni vahid nəqliyyat məkanına çevirmək, alternativ marşrutların dayanıqlığını təmin etmək və regionu qlobal ticarət sisteminə daha sıx inteqrasiya etmək xəttini davam etdirmiş olur. Məhz bu nöqteyi nəzərdən yanaşdıqda, Avropa İttifaqının yeni nəqliyyat sisteminə tərəfdaş kimi cəlb edilməsi Azərbaycan üçün həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından əlavə üstünlüklər yaradır. Nəticə etibarilə, Zəngəzur dəhlizi yalnız yeni logistika xətti deyil, həmçinin Azərbaycanın regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirən strateji layihədir. Bu layihə Avrasiyada formalaşan yeni geoiqtisadi düzən çərçivəsində ölkəmizin istiqamətverici töhfəsini nümayiş etdirir”.
Şahanə Ziyad










































