Zərdüşt Əlizadə: “Mən bu barədə danışmaq istməriməm”.
Müsavat başqanı İsa Qəmbər ötən gün AzadlıqRadiosunun “İşdən sonra” proqramının qonağı olan zaman bəzi siyasi məsələlərə aydın gətirib. O Müsavatın Milli Şuradakı fəaliyyətindən tutmuş, Rüstəm İbrahimbəyovun sədirlik məsələsinə qədər bir sıra məqamlardan danışıb.
Veriliş zamanı Müsavat başqanı bir sıra tarixi iddialar da irəli sürüb. Bu iddialardan biri də o dövrdə Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyin siyasi məhbusluğunu irəli sürərək onun Azərbaycan Xalq Cəbhəsi partiyasının yaranmasında kənarda qalmasını təklif etməsi olub:
“Burada tarixdən bir epizod yadıma düşür. 1989-cu ildə biz Azərbaycan Xalq Cəbhəsini yaradarkən, o zaman bizi də ziyalı sayırdılar, ziyalılar olaraq Azərbaycanın rəhbərliyinə müraciət hazırladıq ki, Azərbaycan Xalq Cəbhəsi qeydiyyata alınsın. Həmin müraciətin imzalanması vaxtı Zərdüşt Əlizadə yaxınlaşdı mənə, dedi ki, mən çox xahiş edirəm, Əbülfəz Elçibəyə deyin, bunu imzalamasın. Dedim niyə? Dedi ki, Əbülfəz Elçibəy siyasi məhbus olub, kommunistlər bunu bəhanə edib Xalq Cəbhəsini qeydiyyata almaya bilər. Mənə bu arqument inandırıcı gəlmədi, ancaq Əbülfəz bəyə dedim ki, bax, Zərdüşt Əlizadə belə bir söz deyir. Əbülfəz bəy də təvazökar bir adam idi. Dedi, nə fərqi var, mən imza atmaram, qoy getsin. Əbülfəz bəy imza atmadı, o gündən bu günə qədər yeri gəldi-gəlmədi, Zərdüşt Əlizadə deyir ki, Xalq Cəbhəsinin qeydə alınması barədə müraciətdə Əbülfəz bəyin imzası yoxdur. Yəni bu, bir az tam uyğun gəlməsə də, müqayisə mənə elə gəlir ki, yerindədir”.
Sözügedən tarixi iddia ilə bağlı AZXEBER.COM portalı olaraq Zərdüşt Əlizadə ilə əlaqə saxladıq. Müxbirimizlə söhbətində Z.Əlizadə məsələyə geniş münasibət bildirməkdən yayınsa da, Müsavat başqanı yalan danışmaqda günahlandırıb:
“İsa Qəmbər tarixi faktları təhrif edir və yalan danışır. Mən bu barədə çox danışmaq istməriməm”.
AZXEBER.COM