Prodüsser Tolikin müsahibəsi:- Toliklə müsahibəyə çox vaxt Aygün Kazımova və Röya haqqında soruşmaqla başlayırlar. Amma istərdim ki, sizin özünüzdən başlayaq. Tolik, necəsiniz, işləriniz necə gedir, həyatınızdan hazırda razıssınızmı?-Yeddi aydır Aygün Kazımova ilə işləməyə başlamışam. İşlərim çox yaxşı gedir. Düzdür, oxucular Tolikin həmişə eyni sözləri danışdığını fikirləşə bilərlər, amma həqiqətən də həyatımda hər şey yaxşıdır. Səhər yerimdən qalxarkən jurnalistlər və ya başqa insanlar çalışdığım Aygün Kazımova haqqında zəng vurub soruşanda daha yaxşı oluram. Beləliklə işlədiyimi hiss edirəm. Mənim həyatımda çox böyük dəyişikliklər olub. Bu da məni çox sevindirir.“Əgər kişilərə uşaq versəydilər, mən gedib uşaq evindən övladlığa uşaq götürərdim”- O dəyişikliyin nə olduğunu bilmək olar?- İlk dəfə olaraq bunu sizə söyləyirəm. Mənim 33 yaşım var. Bəzi müğənnilərimiz inciməsinlər, mən onlar kimi heç vaxt efirlərə çıxıb deməmişəm ki, mənim evim yoxdur. Mənim evim yox idi və 2012-ci il martın 3-də mənə bir xanım tərəfindən ev hədiyyə olunub. O xanım tanınmış şəxsdir, amma adının çəkilməsini istəmir. Qabaqcadan deyim ki, müğənni deyil. Ev 100 kvm-dir. Masazır qəsəbəsində Düzlu gölə baxan tərəfdə yerləşir. 4 ay ərzində mən o evi təmir etdirdim, hazırda həyatımda ikinci aydır ki, öz evimdə yaşayıram. Mənim ürəyimə görə yer olduğu üçün Allahıma çox şükür edirəm. Bir çoxları məndən niyə evlənmədiyimi soruşurdu? Mən də belə fikirləşirəm ki, bir çox şou-biznes əhli kimi durum evlənim toy edim sonra 5 aydan sonra boşanım? Nə bilim efirlərə çağırırlar az qala pul versinlər ki, gəlin bizim toyu çəkin. Axırda da boşanırlar. Mən deyirdim ki, mənim maşınım var, düzdür, amma evim yoxdur, imkanım yoxdur. Evim olanda evlənərəm. Mən o, xanımdan belə bir jest alandan sonra gedib evin müqaviləsini bağlayanadək gözlərimə inana bilmirdim. Evin ordenini alandan və evi təmir etdirib mənzilə köçəndən sonra bu evin mənim olduğuna inandım. Bu ev artıq mənimdir. İndi öz evimdə yaşadığım üçün çox xoşbəxtəm. Qabaqlar elə düşünürdüm ki, ayın axırı olan kimi mən kirayə pulunu ödəməliyəm. Bəlkə də düzdür, bu mənim öz pulum olmasa da başqalarından alıb kiminsə işinə yaramışam kömək olmuşam. Bəlkə də Allah bu evi mənə ona görə qismət etdi. Pis adama Allah bunu qismət etməz. Bu mənim qarşıma çıxan yaxşlıqlarımdır. Elə şou əhli var ki, onlara ev verilsə də daha sonra əllərindən alınıb. Mənim belə bir problemim olmadı. Sağ olsunlar mənə evimi təmir etməyim üçün kömək də etdilər. Order də mənim - Əliyev Tarixin adınadır.- Bir ara mətbuatda sənin nişanlanma xəbərin çıxdı...- Yox bu yalan bir xəbər idi. Düzdür, belə bir fikrim vardı. Amma mən bunu etsəm gizli edəcəm. Baxmayaraq ki, mən şəxsi həyatımla gündəmə daha çox gəlmişəm. Bir şey də var ki, əgər kişilərə uşaq versəydilər, mən gedib uşaq evindən övladlığa uşaq götürərdim. Amma çox çətindir və çoxlu sənədlər tələb olunur.- Bəlkə sizin bu sözünüzdən sonra uşaq evindən uşaq götürməyə sizə kimsə dəstək oldu. O zaman övlada sahib olmaq istəyərsiz. Yəni sözünüzü tutarsınız?- İstəyərəm, amma onu da deyim ki, bircə dənə də olsa öz övladımın olmasını çox istərdim. Bir şey var da həyatda nəyəsə nail olursansa istəyərsən onu öz övladına saxlayıb gedəsən.- Övladınızın qız və ya oğlan olmasını istərdiniz?- Onu heç vaxt demərəm Allahın qismətidir. Hər nə olur olsun sağlam və xeyirli övlad olsun.“Mən kimə demişəm soyunun?”- Bir müddət öncə sizin təşkilatçılığınızla türk ulduzlarından Kibariyə və Asenanın Bakıda konsertləri keçirildi. Digər müğənniləri də gətirmək fikriniz var?- Düzdür gətirdim, amma onlar toya gəlmişdilər. 5 il bundan öncə bizim Hacı Rövşən adlı dostumuz ilk dəfə İsmayıl YK-nı Bakıya gətirmişdi. Onun təşkilati işlərini mən görmüşdüm. Bir onu bildim ki, Azərbaycanda hansı ulduz olur olsun, iş konsertə gələndə biletləri satılmır. Baxmayaraq ki, o zaman, hələ İsmayıla görə hamı bir-birinin öldürürdü, amma yenə də biz ziyan etdik.- Hazırda Aygün Kazımova ilə işləyirsiniz. Kazımovadan sonra Röyanın yanına qayıdarsınız? Röyadan belə bir təklif gəlsə ki, gəl mənimlə işlə qəbul edərsiniz?- Yox. Gəlin belə aydınlıq gətirim Röya gözəl müğənnidir, səsi əladır tanınır, böyük bir ordu tərəfindən sevilir. Mən 6 ilimi Röyaya həsr etmişəm. Röya mənim xətrimə elə dəyib ki, ondan sonra mən onu bağışlaya bilmirəm. Mən Röyaya pis gün arzulamıram, amma onun həsrəti ilə də yaşamıram. Çünki, Röya mənim həyatımı riskə atdı. Mənə böyük bir problem yaratmaq istədi, amma Allah məni qorudu. Bəlkə də mən şikəst ola bilərdim. Düzdür, məni döydürtmədi həmin anda mənim yanımda Aygün Kazımova oldu və o, mənə görə bir çox insanlarla üz-göz oldu. Aygün Kazımova mənə o, jesti etdikdən sonra mən inanmıram ki, yenidən Röyanın yanına qayıdım. Mən Röyadan yox, başqa bir müğənnilərdən görsəydim xətrimə dəyməzdi, amma məhz Röyada zərbə görmək mənə çox pis təsir etdi. O anlarda da mənim yanımda yalnız Aygün Kazımova oldu.- Deyilənə görə yeni sənətə gəlmək istəyən müğənnilərə Tolik belə bir məsləhət verir: “Oxumağa gəlmisinizsə soyunun, Röya da soyundu məşhur oldu”. Nəyə görə bunun məsləhət görürsünüz?- Kimə demişəm soyunun? Səidə Sultan bir dəfə ağzından çıxartdı ki, mən, Toliklə işlədiyim müddətdə peşman oldum. Tolik mənə dedi soyun. Demək onun sənəti yoxdur. Birincisi, mən onun soyundurmamışam, sadəcə onunla işlədiyim dönəmdə bir iki şəkillərimiz çıxdı. O zaman Səidə yaxşı gündəmə gəldi. Məndə bu şans var. Hansı müğənni ilə işləsəm o, gündəmə gəlir. Mən yeniləri nəzərdə tuturam bu sözün Aygün Kazımovaya heç bir aidiyyatı yoxdur. Amma Röyanın sənəti də olub mənə görə gündəmdə qalıb. Düzdür, Röya gözəl mahnılar oxuyub. Ona ilk etdiyim layihələr, piarlarla Röyanı gündəmdə saxlamışam. Mən Röyaya görə şou-biznesin 70 faizi ilə düşmən olmuşam. Amma çox nahaq, indi peşmanam.- Röyaya görə kimlərlə düşmən oldunuz Adlarını çəkə bilərsiniz?- Çox insanlarla, məsələn, İradə İbarhimova ilə düşmən olmuşam, daha sonra Sevda Yəhyayeva, Xuraman Şuşalı, Röyaya görə hətta Natəvan Həbibi ilə polisə də düşmüşəm. Amma hazırda belə fikirləşirəm ki, bütün bunlara dəyməzdi.- Hazırda Röyaya görə dalaşdığınız müğənnilərlə danışırsınız?- Bəli, bir Sevda Yəhyayevadan başqa hamısı ilə danışıram.- Bizim müğənniləri tanıyan bir insan kimi sizcə onları bir-birilərinə vuran nədir?- Bizim bəzi müğənnilərdə tərbiyəsizlik var. Baxın Türkiyədə öndə olan birincilər Bülənt Ərsoy, İbrahim Tatlısəs, Ajda Pekkan, Sezən Aksu və digərləri. Orada sizcə təzə çıxan bir müğənni çıxıb efirə deyə bilər ki, bu müğənnilər kimdir? “Mən nömrə birəm” bu yalnız bizdə var. Amma bizdə İlhamə Quliyeva, Aygün Kazımova, Brilyant Dadaşova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və s. bunları saxlayıb çıxırlar efirə biz nömrə birik. Heç bir ölkədə belə şey yoxdur şou-biznes tərbiyəsizliyi yalnız bizdə var. Bunun da günahı bizim televiziyalardadır. Bir iki dəfə müxbirlər bu ifaçıların ağzından vursalar belə olmaz. Bəlkə də müğənni müğənniyə hörmətsizlik etməz. Dövlət tərəfindən verilən şöhrət ordeni, xalq artisti, əməkdar artist bu statuslara hamı hörmət etməlidir.- Hazırda yerli şou-biznesdə bir boşluq var. Bu nədən irəli gəlir bir prodüser kimi öz fikrinizi deyə bilərsiniz?- Azərbaycan şou-biznesində 5 il bundan qabaq da boşluq vardı. Kim var şou-biznesdə Aygün Kazımova, Faiq Ağayev, Brilyant Dadaşova, Röya və s. vur tut 10 müğənnidir. Cavanlar peyda olsa da gəlib bunları keçə bilmir. Boşluğu doldura bilmirlər yenə fırlanıb bunları üzərinə qayıdırlar. Gündəmdə qala bilmirlər Türkiyədə hər gün bir müğənni çıxır. Bizdə iki-üç müğənni üstündə qurulub şou-biznes. Bir neçə il öncə sadəcə bir insan üstündə idi şou-biznes o, da Aygün Kazımova idi, belə baxanda hazırda da odur. Ondan sonra Röya çıxdı, məşhurlaşdı, yenə də Aygün Kazımovanı keçə bilməz. Aygün xanımın populyarlığına hər hansı bir zərbə yetirə bilməz. Çünki Aygün Kazımova artıq xalq artistidir. Ola bilsin bundan sonra Röya əməkdar artist, xalq artisti adını alsın, amma yenə də gəlib Aygün Kazımovanı keçə bilməz. Statuslar bölünüb, hərənin öz yeri var. Flora Kərimova İlhamə Quliyeva ilə eyni dövrün ifaçısıdır, amma İlhamə Quliyevanın statusu Flora Kərimovanın statusundan daha yüksəkdir. Çünki İlhamə xanım şöhrət ordeni alıb. Məsələn: Eldar və Nigar Avroviziyada bizi təmsil etməyə getmişdi, bəlkə də onlar qələbə ilə qayıdandan sonra dövlət başçısı onlara əməkdar artist adı versəydi, sizcə onları sabah qınayacaqdılar? Əlbəttə ki, yox. Heç kim Respublika başçısının verdiyi ada şübhə edə bilməz. Bizdəki bu hörmətsizliyin qarşısını almaq lazımdır. Əli Mirəliyev vaxtında tanınmış insan olub, amma indi çıxıb cavanlara söz atmaqla gündəmə gəlir. Elza Seyidcahan üçün deyir ki, “Mən onu müğənni saymıram.” Əli Mirəliyev sən onu saymaya bilərsən, amma o, dövlət tərəfindən sayılıb sənin fikrin lazım deyil. Sənin fikrin 99-cu plana keçir. Səməd Səmədov indi xalq artistidir, nə olsun ki, o vaxtı ilə sənlə bir yerdə oxuyub. Tarkan o, vaxt Sezen Aksunun bek vokali olub, amma indi Tarkan Sezen Aksudan da çox tanınır. Yenə də Sezen Aksu Türkiyədə bir brenddir. Belə çıxır ki, Tarkan desin mən Sezen Aksunun bek vokalı olmamışam, amma yox o, həmişə deyir ki, “Mən Sezen Aksunun bek vokalı olmuşam və bununla da fəxr edirəm.” Bizimkilər isə bunu etiraf etməyi bacarmırlar, kompleks edirlər belə şeyi özlərinə.- Xaricdə müğənnilərə prodüserlər məsləhət görürlər nəyi necə etmək lazım olduğunu. Siz bir prodüser kimi nə məsləhət görərdiniz bizim şou əhlinə?- Mən kiməm ki, məsləhət verim, bizdə axı belə deyil, bizdə xaricə baxanda tərsinədir. Amma mən bu yaxınlarda bir prodüser tanıdım. Bizim belə bir tanınmış prodüserimizin olması haqda heç bir məlumatım yox idi. O Anar Reybondur, Almaniyada yaşayır. Bilirsiniz Avroviziya mahnı müsabiqəsi Azərbaycanda keçiriləndə bütün şou hissəsini o təşkil etmişdi. Mən onunla tanış olduqdan sonra ona dedim ki, sənin kimi dünyada azərbaycanlı əsl prodüser var və səni görüb tanıyandan sonra mən özümə prodüser demərəm. Alsu 10 ilə yaxın olardı ki, konsert vermirdi, amma Anar ona elə bir konsert təşkil etmişdi ki, hamı heyran qalmışdı. Bizim müğənnilər elə hesab edirlər ki, biz əgər yalandan pulsuz bilet paylayıb konsert veririksə, demək bizdən yoxdur. Düşünürlər ki, onların prodüserləri pulsuz bilet paylayırsa, dost-tanışına bilet verib zalı doldurursa demək onlar ifaçıdır. Bizdə Rafaellə Coşqundan başqa biletləri satılan başqa bir tanınmış tanımıram. Düzdür onların şou-biznesə aidiyyəti olmasa da, amma incəsənətdədirlər. İndi rəqabət yalnız toy rəqabıtidir sənət yox.- Bəs Türkiyə şou-biznesinə can atan müğənnilərimizdən nə deyə bilərsən?- Hamı deyir ki, biz gedirik Türkiyəyə, amma orda da heç nə yoxdur. Aygün Kazımovanın Türkiyəyə getdiyi heç 1 il deyil, artıq iki tanınmış bəstəkardan Sərdar Ortac və Sinan Akçıldan mahnı alıb oxuyub, Sinanla duet ifa edib, Sərdar Ortacın mahnısına klip də çəkib Bakıda artıq 10 günə hazır olacaq. İllərdir gedib gəlirlər yalandan deyirlər Mustafa Ceceli mənim musiqi prodüserim olacaq nə bilim nə. Gedin bunu edin sonra gəlib faktlarla deyin də. İşləyin işinizlə gəlin də gündəmə, biri çıxır deyir əjdahayam, o biri deyir nömrə birəm. Başqa ölkələrdə belə şeylərə gülürlər.Üzeyirin fanat ordusu Röyadan da çoxdur- Üzeyir Mehdizadə ilə Aygün Kazımova dueti Tolikin ideyası idi?- Baxın, Üzeyirin fanat ordusu Röyadan da çoxdur, ondan çox sevilir Azərbaycanda. Əgər Röyanı 300 min insan “youtube”da izləyirsə Üzeyiri 600 min izləyir, bu bir faktdır. Hər müğənninin öz yeri var. Mən Aygün Kazımovaya heç vaxt məsləhət verməmişəm həmişə son söz özünün olub. Sadəcə gəldim belə bir ifaçı var Üzeyir, sizin ona dəstəyiniz çox lazımdır, siz xalq artistisiniz, ona dəstəyiniz böyük bir avantaj yaradar. Baxın Alla Puqaçovaya bir dəfə sual veriblər ki, təzə çıxan ifaçılara necə dəstək olursuz? O, cavab olaraq deyib ki: “Mənim onlar üçün ən böyük dəstəyim onlara mane olmamağımdır.” Guya Alla Puqaçova onlara mane olsa onlar efirə çıxa bilməz ki? Düzdür Üzeyir və Aygün xanım duetini bəzi insanlar bəyənməsə də, çoxları bu dueti qəbul edib və bəyənib. Aygün Kazımovanın böyük ürəyi var o, Üzeyirə jest etdi ona dəstək oldu və duet oxudu. Bu bəlkə də Üzeyirin qıldığı namaz və dualarının çin olması idi.- Kimə çəkinmədən şou-biznesdən “get” deyərdin?- İçlərində xalq artistləri də olmaqla çoxlarına get deyərdim. Təcrübəsindən, yaşından utanmayıb efirdə yersiz danışmaqlarına görə onların yerinə mən utanıram. İstəyirəm telefonu götürüb zəng edəm deyəm ki, bəsdir də vicdanın səni parçalamır? Vallah bu bəzi köhnə müğənnilərin vaxtında telekanallar, saytlar olsaydı onların biabırçılığını yığışdırmaq olmazdı. İndi-indi üstləri açılıb ki, o dövrdə müğənnilər neyləyib, indikilərə baxıb şükür etmək lazımdır. İndikilərə kimsə bir maşın alıb verir tez çıxıb efirə deyir ki, mənə maşın hədiyyə etdilər, hamı da başlayır nə gündədir bu müğənnilər. O, vaxt müğənnilərə elə hədiyyələr veriblər ki, heç bizim ağlımıza gəlməz.Tolik “Cırtdan” olub- İlhamə Quliyeva deyir Toliki şou-biznesə mən gətirmişəm, bununla razısan?- Bilirsiz ki, mənim anam 10 ildən çoxdur Almaniyada yaşayır və mən də onunla orda idim. 2000-ci ildə Almaniyada Azərbaycanlıların konqresi keçirilirdi və mən orda İlhamə xanımla tanış oldum, onun təşəbbüsü ilə Bakıya gəldim. Əgər mənim adım bu gün seçilənlər sırasında varsa, onu İlhamə Quliyevaya borcluyam. Çünki mən uşaqlıqdan tanınmaq istəmişəm. Mənim anam mədəniyyət sarayında qarmon üzrə musiqi müəlliməsi işləyib, orda tədbirlərdə mən həmişə cırtdan, buratino obrazlarını ifa etmişəm. Uşaqlıqdan istəyirdim ki, ictimaətdə seçilim sevilim.
“Şou-biznesdə olan bəzi kişi müğənnilərdən də qeyrətliyəm”- Toliklə bağlı hamını maraqlandıran bir sual var. Həyatınızda indiyə qədər xanım sevmisiniz və ya sizi sevən biri olub?- Hə doğurdan da sevmişəm Zarina adlı bir qızı, amma məktəb vaxtlarımda. Mən vətənimi sevən insanam çox bağlıyam Azərbaycana, bayrağıma, ölkəmə görə oturub ağlaya bilərəm. Amma sevgini dərk edə bilmirəm, yalandan deyim ki, mən filan qızı sevirəm dərdindən ölürəm, onu deyə bilmərəm. Mən niyə evlənmirəm, istəyirəm məni olduğum kimi qəbul edib evlənən bir insan olsun, həmin xanım mənim yanımda olmaqdan utanmasın. Mənə internetdən çoxları yazır Tolik biz səni sevirik elə-belə açıq sözlü olduğuna görə. Amma onlar məni efirdə görüb belə yazırlar. Mən evlənsəm şou-biznesdə olan bəzi kişi müğənnilərdən də qeyrətliyəm və qeyrətimi qoruyacaq gücüm də var.- İndi bizə hansı sirrinizi demək istərdiniz?- Mən indi demək istəyirəm, amma aktyorluq kimi qəbul etməsin oxucularımız. Baxın demək də istəmirəm tüklərim biz-biz olur. Axır vaxtlar ölümümü çox fikirləşirəm elə bilirəm bu gün sabah öləcəyəm. Amma Allah eləməsin deyirəm. Az da olsa xoşbəxt yaşamışam, yaxşı pis çörək pulumu qazanıram. Amma çətin günlərim də olub...- Şou biznesə qoşulmağına heç peşman olmusan?- Yox həmişə deyirəm ki, nə yaxşı ki, gəlmişəm şou-biznesə.- Toliki insanlar çoxu qalmaqallı, davakar, bir az pis cəhətdən tanıyırlar, amma Toliki yaxından tanıyan insanlar deyilər ki, o əslində insanların düşündüyü, tanıdığı kimi pis biri deyil, gözəl ürəyi xeyirxah əməlləri var. Niyə siz bunları heç vaxt gündəmə gətirməmisiz, ancaq davalarla görünmüsünuz?- Mən istərdim siz bir jurnalist kimi özünüz bunu vurğulayasınız. Çox uzağa getməyək, Röyanın bir fanatı rəhmətə gedəndə mənim zəhmətlərimin şahidi oldunuz. Düzdür bunları dilə gətirmək düz deyil amma demək də lazımdır. Qalmaqallara gəldikdə isə heç bir davada mən səhv çıxmamışam, heç bir müğənniyə də iftira atmamışam hamısına nə olub düzünü demişəm.“İndi məni özlərinə ağsaqqal seçiblər”- Anan və atan haqqında, ümumiyyətlə ailənizdən az da olsa danışardız?- Anamla münasibətim çox yaxşıdır. Bir dəfə mənə mesaj yazmışdı ki, “Tolik istəyirəm uşağın olsun, vərəsən mən saxlayım.” Mən həyatda valideynlərimi çox incitmişəm, amma əziyyət də çəkmişəm. Anam musiqi müəlliməsi olub, Teymur Əmrah məni 5 yaşımdan tanıyır onlar anamla bir işləyib, amma 10 ildən çoxdur anam Almaniyada yaşayır. Atam isə bu günə qədər də “Neft” şirkətində işləyir. Vaxt olub ayaqqabım belə olmayıb geyinməyə, bir ayaqqabım olub onun da altı deşik olub, kardonu içinə qoyub geyinmişəm. Amma indi evə gedirəm, baxıram 5 ayaqqabım var və Allaha şükür edirəm. Mən bunları ağlamaq üçün demirəm. Bəlkə heç demədiyim bir sözü deyəcəm... Hamı mənim 10 il oxuduğumu bilir, amma mən cəmi 8 sinif oxumuşam. 10 ildir xoş gün görürəm və vaxtı ilə məni qəbul etməyən insanlar indi məni özlərinə ağsaqqal seçiblər. Çoxlu qohumlarım vaxt vardı məni heç evlərinə belə qoymurdular, amma indi mən onlar üçün məsləhət verən ağsaqqal olmuşam. Qohumlarım, dayılarım zəng vururlar ki, oğlumun toyudur, gəl məsləhət ver. Amma bir çox qohumlarım var ki, hələ də onlarla danışmıram, heç salam belə vermirəm.Gəldik atama, dünən onun yanından gəlmişəm və bu yaxınlarda onun 55 yaşını qeyd elədim, çox sağ olsunlar bütün müğənni dostlarım gəldi. Qohum-əqrəbanı yığıb, ona gözəl bir ad günü keçirtdim. Orda 10-15 qohumlarımı yığdım hətta ağladım da. Mənim 3 bibim rəhmətə gedib 2-si qalıb. Orda ağlaya-ağlaya atama dedim ki, mən birinci dəfədir qohumlarımı yığıb belə bir gecə keçirirəm. Ailəmə qarşı çalışıram diqqətli olum. Atam çox istəyir evlənim övladım olsun. İnşallah onun arzusunu yerinə yetirərəm.- Neçə uşaqsız ailədə?- İki bacım var - Fatimə və Rəhimə. Rəhimə ailəlidir, Fatimə isə hələ balacadır.- İnanırıq ki, bu müsahibədən sonra Toliki yaxşı bir davakar yox, mənəvi dəyərlərə malik olan bir insan kimi tanıyacaqlar, özünüz necə inanırsınız buna?
- İlk dəfə mənim yaxşı bir insan olduğumu, mənim iç dünyamı yaxşı bilən və ətrafa tanıtmaq istəyən insan Murad Dadaşov oldu. Bu missiyanı o, öz üzərinə götürdü və mənə dedi ki: “Tolik mən istəyirəm səni Azərbaycana Tolik kimi yox, Tarix Əliyev kimi tanıdım”. Mən buna görə Murad Dadaşova öz təşəkkürümü bildirəm.
//Qafqazinfo