Maraqlıdır ki, 3 milyon türkün yaşadığı Almaniyadan Azərbaycana bir səs belə verilməyib. Yaxud, Azərbaycan neft sənayesində önəmli yer tutan Böyük Britaniyadan, İtaliyadan, Norveçdən səs verilmədi. Bu sıralanmadan görünür ki, Qərbi Avropa ölkələri Azərbaycana səs verməyib.
Politoloq Hikmət Hacızadə burada siyasi çalar axtarmağı əhəmiyyətsiz hesab edir: “Bu mahnı müsabiqəsidir, siyasi yarışma deyil. Düzdür, siyasət də var, o mənada ki, cəmiyyətlərin kiməsə millətçilik zəmnində simpatiyası var. Belə ölkələr təxminən 30 bal verir. Məsələn, Belarus Rusiyanı, Rusiya da Ermənistanı sevir. Qalan 200 bal ölkənin yaradıcılığı və əməyindən asılıdır. Axı Böyük Britaniya vətəndaşı nə bilir ki, Azərbaycandan neft alırlar? Bu ölkə bizdən aldığından 8 dəfə çox neft idxal və istehsal edir. Əslində Azərbaycana siyasi cəhətdən Türkiyə səs verdi, Rusiya və Malta isə Azərbaycan yarışmaçılarının yaradıcılığına görə səs verdilər. Rusiya bizi sevmir və heç zaman da siyasətə görə səs vermir, amma mahnı gözəl idi. 3 milyon türk yaşayan Almaniyadan səs olmamasını izah etməkdə çətinlik çəkirəm. Bilirsən, səs vermək xüsusi azarkeşlik tələb edən amildir, görünür, Almaniyadakı türklər arasında belələri yoxdur”.
“Serblər qalib oldu Kosovanu itirdi, Ukrayna qalib oldu “Narıncı inqilab” baş verdi. Azərbaycanı hansı siyasi olay gözləyə bilər” sualına H.Hacızadə özünəməxsus cavab verdi: “Bizdə Eurovison inqilabı olacaq. Hamı meydanlara mahnılarla, segahla çıxacaq və oxuya-oxuya demokratiyaya gedəcəyik”.
Politoloq hazırda Qərb mətbuatının Azərbaycana qarşı sərt yazılarla çıxış etməsini normal hesab edir: “Onlar olan vəziyyəti yazırlar. İnsanlar elə düşünməsin ki, məsələn, Almaniya bir bədəndir və beyin nə əmr verirsə, yerinə yetirirlər. Ümumən “Şpigel” jurnalının yazdıqları doğrudur. ABŞ-da 58 mərkəz var, hər biri də öz düşündüyünü yazır və danışır”.
Televiziya mütəxəssisi Zeynal Məmmədli hesab etmir ki, Azərbaycanın qələbəsi təsadüfüdür: “Əgər Azərbaycanın musiqi mədəniyyəti varsa, bu, hadisə təsadüfü deyil. Amma “böyük qələbədir” söyləməyi doğru saymıram. Yəni bu qələbə ilə bizim kimdənsə üstünlüyümüzü göstərmək doğru deyil. Bir sözlə, bu, bizim kimdənsə üstünlüyümüzü göstərən yox, var olduğumuzu göstərən qələbədir”. Z.Məmmədlinin sözlərinə görə, Azərbaycan televiziyaları bu prosesdə peşəkar ola bilmədilər: “Təbii sevinci vermək normal şeydir, amma bunu birdən-birə ideoloji silaha çevirmək, hakimiyyətin uğuru kimi göstərmək çox yanlış və mənasızdır. Hesab edirəm ki, bu prosesdə telekanallarda özlərini əyalətçi, dünyanın ucqar kəndi olmağa meylli göründü. Eldarla Nigar Azərbaycanın çağdaş simasını göstərdiyi qədər televiziyalar da əyalət sifətimizi göstərdi”.
/// Bizimyol