"Təəssüf edirəm ki, Azərbaycanın hər yeri və onun paytaxtı Bakı gözəl, cəzbedici olsa da, hər yerində zibilləri də görürük. Belə demək olar ki, rayonların və Bakının ancaq lap mərkəzi hissəsi daha təmizdir. Amma kənara çıxan zaman hər yerdə zibillərlə rastlaşırıq, sanki hər tərəf zibilə bürünüb”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat qeyd edib ki, bu problemlərin bir çoxu həm də vətəndaşların davranışından qaynaqlanır:
"Bunun daşınmasında da, utilizasiyasında da problemlər yaşanır. Bu problemlərin bir çoxu həm də vətəndaşların davranışından qaynaqlanır. Əgər zibilin daşınmaması problemdirsə, bununla bağlı müvafiq icra hakimiyyətini günahlandırmaq olar. Amma daşınmada o qədər də problem yoxdur. Bəzən olur ki, insanlar gəlir, əlindəki zibili iki addım irəlidəki zibil qabına atmaq yerinə, yanına atıb gedir. Yaxud elə tullayır ki, plastik paket cırılır, zibillər də kənara tökülür. Sonra da it, pişik gəlib didib-dağıdır, anti-sanitariya yaranır. Bunlar yolverilməzdir”.
Deputat bildirib ki, zibili küçələrə atanlara qarşı sərt qanunlar, sərt cərimələr olmalıdır:
"Xəzər dənizinin sahillərində, Bakının müxtəlif yerlərində təmizləmə aksiyaları keçirilir. Amma parklara girirsən, zir-zibilin içərisində, hər kəs günəbaxan tumunu çırtlayıb ayağının altına töküb. Maşının pəncərəsindən zibili çölə atıb. Yaxud siqareti çəkib elə küçənin ortasına atıb. Bunlar mənim üçün tamamilə qəbuledilməz məsələdir. Dünyanın hər yerində zibillə bağlı konkret sərt qanunlar qəbul olunur. Heç kim qorxusundan zibili kənara atmır. Amma bizdə kim necə gəldi atır, sonra gedir qalstuklu insanlar əlinə bir zibil qabı götürür, o zibilləri yığır. Mən hesab edirəm ki, bununla bağlı güzəşt etmək olmaz. Çox sərt qanunlar, sərt cərimələr olmalıdır. İnsanlar narahat olsun, qorxsun, zibili küçəyə atmasın. Biz insanlarımızda bunu tamamilə tərbiyə etməliyik. Parkda skamyanın üstündə oturub, günəbaxan tumunu çırtlayıb ayağının altına tökməsin. Bəs onu süpürən qadınlara yazığı gəlmirmi? Gedib meşələrdə yeyib-içirlər, yediklərinin artıqlarını, şüşələri ağacların dibinə atırlar. Bunlar yolverilməzdir”.
"Mən iki gün əvvəl Ağsu aşırımından keçirdim. Orada dayanıb dağlara baxırdım, gördüm ki, hər bir restoranın yanı, yolun bütün kənarları sanki bir zibil "paliqonları”dır. Bunu Bələdiyyə də, müvafiq icra orqanları da gəlib təmizləyə bilər, amma bununla məsələ bitmir axı. Siz niyə zibili ora atırsınız? Maşında qoyub aparın zibil qablarına atın”, - deyə deputat əlavə edib.
Aydın Nuri