Zir-zibil içində boğulan Bakı sakinləri – FOTOLAR

Zir-zibil içində boğulan Bakı sakinləri – FOTOLAR
Bütün Xəbərlər
13:10 04.09.2012
3115

Paytaxtın Şərifzadə və 5-ci Yasamal küçələrinin sakinləri zir-zibildən təngə gəliblər. Sakinlər deyirlər ki, Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları zibil qablarını vaxtlı-vaxtında boşlatmırlar.

Şərifzadə küçəsində əməlli-başlı zibil qabı problemi yaşanır. Küçə boyu avtobus dayanacaqlarının bəzilərinin yanında zibil qabları olsa da, içərisindəki zibil boşaldılmır. Bəziləri də artıq istifadəyə yararsız hala düşüb. Dayanacaqlardakı zir-zibilin əlindən tərpənə bilməyən sərnişinlər avtobus gözləmək üçün magistral yola çıxmaq məcburiyyətində qalırlar. Tahir adlı taksi sürücüsü Şərifzadə küçəsinin zibillənməsinin səbəblərini küçələrdə və ticarət obyektlərinin qarşısında zibil qablarının kifayət qədər olmaması və insanların az maarifləndirilməsində görür: “Şərifzadə küçəsinddə yerləşən saysız-hesabsız kafe-restoronların qarşılarında zibil qabı olmadığından, hər zaman bu küçə belə çirkab içində olur”. 5-ci Yasamal küçəsinin sakinləri isə gileylənirlər ki, Milli Məclis istehsalat və məişət tullantılarının atılması ilə bağlı qaydaları sərtləşdirsə də, qanun tətbiq olunmur. “Məsələn, zibil qablarını boşaltmaqla məşğul olan 22-ci Mənzil-Kommunal İstismar Sahəsi öz işini görmür. Zibil qablarının sayı öncələr 12 idi. Sonradan 3-nü Mənzil-Kommunal İstismar Sahəsinin işçiləri apardılar. Mindən artıq ailənin zibili “Saf su”nun arxasında yerləşən zibil qablarına atılır. 6 küçənin sakinləri üçün 9 zibil qabının olması çox azdır. 24 saat ərzində zibil yalnız bir dəfə boşaldılır. 5-ci Yasamal küçəsində zibil problemini iki cür həll etmək olar: ya zibil qablarının sayı artırılmalı, ya da zibil gündə ən azı iki dəfə boşaldılmalıdır”, - sakin Ağayar deyir. Sakinlər deyirlər ki, zibilin qoxusundan küçədə hərəkət etmək mümkünsüz olur. Problem ən çox zibil qablarının qoyulduğu yerlərə yaxın evlərin sakinlərini narahat edir. Onlar xəstəlik tapacaqlarından qorxduqlarını, lakin MKİS-ə edilən müraciətlərin nəticəsiz qaldığını bildirirlər. “Müraciətimizdən sonra zibil qutularının yanında yerləşən ağaca bir lövhə yapışdırdılar, üstünə “Zibili yerə atmayın” yazılıb. Olsun, ancaq zibil qabı dolanda hara atsın axı cammat? Biz də deyirik ki, atmayın, ancaq zibil qabı dolu olanda bu sözü deyə bilmirik qonşularımıza. Biz tədbir görülməsini tələb edirik. Uşaq var, qoca var, xəstələnə bilərlər Əks halda Şərifzadə küçəsini bağlayıb, etirazımızı bildirəcəyik. Biz canımızı, sağlamlığımızı satmamışıq. Milli Məclis qanunu dəyişir, ancaq qanuna uyğun şərait də yaradılmalıdır”, - deyə bərbər Emin bildirdi.

//Bizimyol

OXŞAR XƏBƏRLƏR