Özünü azərbaycanlı edən erməni

Özünü azərbaycanlı edən erməni
Bütün Xəbərlər
00:47 30.06.2015
14721

Əfsələddin Ağalarov

Hələ “Turbo” saqqızlarından kolleksiya yığmaq ideyası təzə ağlımıza gəlmişdi. Əlimə pul düşən kimi tez dabanıma tüpürüb “qırmızı butka”nın (o zamanlar bu köşkdən ən çox alış-verişi uşaqlar edirdi) önünə qaçırdım. Boyum elə əzəldən balaca idi. “Qırmızı butka”nın yanına çatan kimi barmağımın ucu ilə boyuma əlavə güc verib başımı piştaxta ilə bərabərləşdirə bilirdim. Satıcı artıq nə üçün gəldiyimi yaxşı bilirdi. Əlimi başımdan yuxarı qaldırıb balaca deşikdən satıcıya pulu uzadırdım. O da heç bir kəlmə kəsmədən saqqızımı verib məni yola salırdı. Satıcının uzatdığı saqqızı göydə qapıb tələm-tələsik kağızını soyub ağzıma atırdım. İçindəki şəkli isə səliqə ilə qatdalayıb kolleksiyama əlavə edirdim.

***

Ayını, gününü - dəqiq tarixini xatırlamıram. Ancaq xatırladığım daha vacib məqamlar var. Mən bu haqda heç vaxt yazmamışdım...

Müharibənin qızğın günləri geridə qalmışdı. Qarabağdan yenicə gəlmişdik. Vəziyyət heç də ürəkaçan deyildi. Müharibənin vurduğu fəsadlar o dövrlərdə daha çox gözə görünürdü. Hələ yenicə köçmüşdük o binaya. Bəlkə də, bu binaya ilk köçən məcburi köçkün biz idik. Hamının bizə yadplanetli gözü ilə baxdığı günlər idi. Müharibənin səbəbkarları bizlər idik çoxları üçün.

***

Ancaq bütün bunlara baxmayaraq başımızı bizi xoşbəxt edən məşğuliyyətlərlə qatmağı bacarırdıq. Məni xoşbəxt edən məşğuliyyətlərdən biri də “salka” oyunu idi. Bu oyun məndə yaxşı alınırdı. Elə buna görə də tez-tez "duel"lərə çağırılırdım.

Yadımdadır, oyunlar zamanı yalnız bir nəfər hər dəfəsində uduzur və əlindəki bütün kağızlarını itirirdi. Hər gün bir neçə saat aşağı düşür, oyununu oynayır və nənəsinin eyvandan çığırtısını eşidən kimi tez evə şütüyürdü. Səbəbini bilmirəm, amma mənimlə yaman dostluq etməyə başlamışdı. Bəlkə də, ona yeganə uduzan uşaq mən idim.

Kənardan çox eybəcər bir görüntüsü var idi. İki addım atan kimi bütün bədəni tər-suyun içində qalırdı. O iyrənc tər qoxusu adamın lap burnunu eşirdi. Eybəcər bir piy yığınını xatırladırdı mənə. Qorxaqlığı isə hər hərəkətindən bəlli idi. Arada cığallıq edib əlindəki bütün kağızları almaq bir neçə dəfə mənim də fikrimə düşmüşdü. Ancaq iri gövdəsi, başım boyda olan biləyi ilə ürəyimə yaman qorxu salmışdı. Mənim çəkimdə olan uşağın onunla əlbəyaxa olması elə də asan deyildi. Ona görə hesablaşmaqdan başqa çarəm yox idi. Amma arada uşaqların onu bloka salıb çırpışdırdıqlarını eşidirdim. Kötək yedikdən sonra isə çölə çıxıb sanki heç nə olmamış kimi gülür və baş verənlərə əhəmiyyət vermirdi.

***

Bir yay günü öyrəndim onun kimliyini. Niyə hər kəsdən qorxduğunu və hər gün eyni saatda evə şütüyünü o gün anladım. Erməni uşağı imiş. Atası, anası öldüyü üçün qoca nənəsi köç etmək istəməyib və ona Bakıda baxmaq qərarına gəlib. Açığı, mənim üçün bu gerçəkliyi öyrənmək gözlənilməz oldu. Çünki o dövrə kimi “Fəryad” filmində “Vnimaniye! Vnimaniye!” qışqıran o dazbaş "erməni"dən sonra gördüyüm ikinci erməni məhz o idi. Onun erməni olduğunu öyrənəndən sonra həyətdə cəmi iki dəfə rastıma çıxdı. Bir müddət sonra isə artıq gözə dəyməməyə başladı. Gözdən itdi və heç vaxt onu binanın həndəvərində görmədim. Sonra eşitdim ki, evlərini dəyər-dəyməzə satıb nənəsi ilə birlikdə köçüblər.

***

O günlərin üstündən 14 ildən artıq bir vaxt keçmişdi. Tələm-tələsik əlimdəki fləşkartda olan yazını çap etmək üçün internet-kluba girdim. Boş qalan yerlərdən birində oturub bilgisayarı yandırdım və ekranın açılmasını səbirsizliklə gözləməyə başladım. Başımın üstündə iri hərflərlə “siqaret çəkmək və porno saytları izləmək qəti qadağandır” yazısı olsa da, içəridə hər iki qaydanı pozan kifayət qədər yeniyetmə var idi. Səs-küy, bir-birinə qarışan siqaret tüstüsü, dəhlizin o başında sonuncu çıxan tərəfindən sanki bilərəkdən qapısı açıq buraxılan tualetdən gələn üfunət qoxusu zirzəmidəki intenet-klubu cəhənnəmə çevirmişdi. Bir-biri ilə ata zarafatı edən yeniyetmələr zamanla söyüşlərin miqyasını daha da böyütməyə başlamışdılar. Deyəsən, “Counter-Strike” onayırdılar. Uduzan tərəfin oyunçuları bir-birilərini təhqir etməyə başlamışdı.

Udan tərəfdən isə “Ruslan, oğulsan”, “Ruslan, sənə halaldı” sözlərini eşidirdim. Səslər düz arxamdan gəlirdi. Qalibləri seyr etmək üçün arxaya boylandım. Dostu “Ruslan, köpəyoğludu yalan deyən, elə bil erməni qırırsan” deyib razılıq əlaməti olaraq əlini onun çiyninə qoymuşdu. O isə qalibiyyətin sevincini yaşayırdı. Tanıdım onu. Elə kötük bədənindən və xırıldamağından tanıdım. Düzdü, o məni tanımadı. Heç baxdığımın fərqində belə deyildi. Amma mən yanılmamışdım. Bu o idi. Adını dəyişmişdi. Kimliyini və olduğu ünvanı, ətrafını. Bir sözlə, tam azərbaycanlı olmuşdu. Hətta oyunda belə olsa, ermənini öldürməyə də başlamışdı. Daha doğrusu, oyun zamanı öldürdüklərnin erməni olduğunu dostları zənn edirdi. Bəlkə də, o elə fikrində keçmişdəkiləri öldürərək başlamışdı. İlk öldürdüyü azərbaycanlı bəlkə də elə mən özüm idim.

P.S Uşaqlıq illərimin sonunda “Fəryad” filmində “Vnimaniye! Vnimaniye!” qışqıran o dazbaş "erməni"nin dahi sənətkarımız Məlik Dadaşov olduğunu öyrəndim. Məni bağışlaması üçün yaslarda mollalardan onun ruhuna da dua oxumalarını xahiş edirdim. Onu gerçək erməni, ermənini də gerçək azərbaycanlı zənn etdiyim üçün.

OXŞAR XƏBƏRLƏR