Özünü xilas etmək üçün 18 yaşlı qızını qabağa verən Mənsimovun “mübarizliyi”... - FAKTLAR

13:37 20.03.2020
4785

"Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək həbs edildi. Nə oldusa, elə bundan sonra oldu. Bəyanat yayaraq, "18 yaşlı qızımın yataq otağına girdilər...” kimi sözlərlə özünü müdafiə etməyə çalışdı.

Demokrat.az xəbər verir ki, dünənə qədər sinəsinə döyən bu "mübariz” oğlan üç gün barmaqlıqlar arxasında qalan kimi 18 yaşlı qızının yataq otağı məsələsini ortaya ataraq, xal qazanmağa çalışdı. Öz yaxınlarının belə qınağına gələn bu ifadələrlə Mübariz Mənsimov, əslində, kim olduğunu, mahiyyətinin nədən ibarət olduğunu nümayiş etdirdi.

Yəqin ki, o, həbsxana qanunları ilə tanış olanda xilas üçün qızını ortaya atmasının cavabını də verəcək. Amma hələlik istintaq altında olan Mənsimovun əynindəki şalvarı "batırması” üçün həbsxana qanunları ilə tanış olmasına da gərək qalmadı.

 

Budur, "terminator”, "əzmkar” oğlan göz yaşları içində imdad diləyir...

"Timsahın göz yaşları” -​ Mübariz Mənsimov, əslində, kimdir?

Tez-tez "türkçülükdən” danışan və Azərbaycan məmurlarını hədəfə alaraq, xal qazanmaq istəyən Mübariz Mənsimov vaxtilə ölkəmizdə biznesi mövcud idi. Bu, o vaxtlar idi ki, "iş adamı” "Xəzər-Lənkəran” futbol klubunu maliyyələşdirir, əslində isə futbol klubuna dəstək vermək və "xeyriyyəçi” adı altında dövlətin vergi imtiyazlarından yararlanırdı.

Azərbaycanda qazancı azalan kimi "Xəzər-Lənkəran” klubunun qapısına qıfıl vurması, "bu stadionu eşşək fermasına çevirəcəm” deməsi onun "mesenatlığının” görünməyən tərəfini üzə çıxardı. 

Qərb kəşfiyyatı "Palmali” şirkətinə məxsus tankerlərin İŞİD terror təşkilatının neftini daşıdığı haqqında faktları ortaya çıxarandan sonra Mübariz Mənsimovun biznesinin "qaranlıq üzü” də ortaya çıxdı. 

Məlum oldu ki, terrorçularla biznes əlaqələrinə məxsus olan iş adamı fəaliyyət göstərdiyi bütün ölkələrdə külli miqdarda vergidən də yayınıb. Əslində, onun iflası da biznesinin "qaranlıq tərəflərinin” üzə çıxmasından sonra başladı.

Mübariz Mənsimovun "Azərbaycan sevgi”sinin də ömrü heç 40 gün çəkmədi. "Türkçülükdən” dəm vuran "iş adamı” biznesini xilas etmək üçün ermənilərə üz tutdu. 

Məlumatlara görə, o, ABŞ-dakı erməni lobbisi ilə işbirliyi quraraq, erməni diasporunun nüfuzlu nümayəndələrindən olan Levon Termenciyanla ortaq biznes yaradıb. Fakt kimi qeyd edək ki, Kaliforniyada qeydiyyatdan keçən "Palmali USA” şirkətinin səlahiyyətli nümayəndəsi Levon Termenciyanın oğlu Corc Termenciyandır.

Bəs hanı türkçülük, azərbaycançılıq, Azərbaycan sevgisi? 

Mübariz Mənsimov üçün pul hər şeyin fövqündə dayanır və o, bütün fəaliyyəti boyu həmişə öz cibinə işləyib. 2019-cu ildə Mübariz Mənsimov tankerlərindən birinə Məhəmməd Əmin Rəsulzadənin adını verdi. Bunun təntənəli açılışı ilə Azərbaycanda xal qazanmağa çalışdı. 

Heç bilirsinizmi, həmin tankerin əvvəlki adı nə olub? Əhməd Mahmudov. Bu şəxs keçmiş MTN-nin rəhbəri, respublikada "başkəsən bandit” kimi tanınan Eldar Mahmudovun atasıdır. Hətta Eldar Mahmudovun tankerin suya buraxılması mərasiminə qatıldığına dair görüntülər də var. Sonradan, yəni Eldar Mahmudov postundan uzaqlaşdırılandan sonra Mübariz Mənsimov tankerin adını dəyişərək, "Rəsulzadə” qoydu və bununla guya Azərbaycana sevgisini nümayiş etdirdi. Halbuki bunun adı "şakallıqdır” və Mübariz Mənsimov özünü əsl tülkü kimi aparırdı.

Vaxtilə Azərbaycanda biznesi olan zamanlar tankerlərinin adına Heydər Əliyev və Zərifə Əliyevanın adını verən bu "şakal” 2016-cı ildə biznesində problemlər yaranandan sonra Əbülfəz Elçibəy, Məhəmməd Əmin Rəsulzadə adlarını verdi. Göründüyü kimi, adam özünü tülkülüyə qoyub, camaatı ağılsız hesab edir.

Halbuki onun əsl kimliyini bilənlər az deyil. Necə olur ki, Azərbaycan məmurlarını tənqid edən, sosial şəbəkələrdə "at oynadan” Mübariz Mənsimov bir dəfə də olsun ən korrupsioner və "quldur” məmur adı çıxarmış Eldar Mahmudov haqqında danışmır?

Yaxud da qanuni oğru Rövşən Lənkəraniski öləndə şəxsi təyyarəsini göndərən bu "mesenat” neçə aydır ki, Türkiyədə koma vəziyyətində olan Oqtay Gülalıyevlə maraqlanmadı. Niyə Oqtay Gülalıyevin ailəsinin və yaxınlarının müraciətinə məhəl qoymadı? Cəmil Həsənli və Əli Kərimli niyə bu məsələni qabartmır? Ona görə ki, Mübariz Mənsimovun pulundan nə isə umurlar!

Bundan sonra daha çətin olacaq. FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan Mübariz Mənsimov Türkiyə ədaləti qarşısında cavab verəcək. İndidən 18 yaşlı qızını ortaya atan bu qorxağın ədalət məhkəməsində nəyə sığınacağı çox maraqlıdır.   

Türkiyədə azərbaycanlı tələbələrə 5-10 lirə verib, bunu "mesenatlıq” kimi təqdim etməklə xeyriyyəçi olunmur, Mənsimov. Soydaşlarımızdan biri danışır ki, azərbaycanlılar Mübariz Mənsimovun ofisinə gedəndə köməkçiləri "yenə dilənçilər gəldi” deyə bildirirlər. Bilirsinizmi niyə? Çünki Mübariz Mənsimovun özü cibinə 5-10 lirə pul qoyub yola saldığı azərbaycanlının arxasınca belə danışır, köməkçiləri də eşitdiklərini təkrarlayırlar. 

Özünü "mesenat” kimi sırımağa çalışan Mübariz Mənsimovun "moşşennik”liyi isə çox məşhurdur. Ona məxsus "PalSüd” süd emalı zavodunun Lənkəranın Boladi, Şağlaser, Vilvan, Veravul, Separadi, Zövlə, Masallının Mahmudavar, Miyonki, Xıl, Şərəfə kəndində süd tədarük edən onlarla şəxsə 100 min manatdan çox borcu qalıb.

Mübariz Mənsimov kəndlilərə dörd il öncə - 2016-cı ildə ataraq, qaçıb. Onun haqqını yediyi yüzlərlə insan var, amma bu gün Mübariz Mənsimovu "yaxşı oğlan” kimi tanıdırlar. Bunun səbəbi sadədir: başqalarına pul atan bu "atanşik” sosial şəbəkələrdə özünün yaxşı reklamını aparır və bunun üçün külli miqdarda pullar xərcləyir.

Misal üçün, bir azərbaycanlıya verdiyi "cib xərcliyini” böyük iş kimi təqdim edir və paylaşır. Halbuki etdiyi köməyi dilə gətirməyən, gətirilməsini də istəməyən o qədər oğullarımız var. Mübariz Mənsimov onların dırnağı belə ola bilməz.

Ətrafındakı 3-5 adamın Mübariz Mənsimov üçün özlərini "yırtmasına” fikir verməyin, bu şəxs dələduzluğu və "atanşikliyi” ilə məşhurdur. Bir o qədər də qorxaqdır. İstintaq altına düşən kimi tir-tir əsməsi, ağzına gələni danışması da qorxaqlığının əlamətidir..

OXŞAR XƏBƏRLƏR