Tofiq AbbasovSenzuranın olmaması təqdirəlayiqdir, özünüsenzuranın yoxluğu isə xəstəlikdir. Heç kəs deyə bilməz ki, Azərbaycan mətbuatını bu bəla hədələmir. Mən hətta deyərdim ki, milli mətbuat artıq ciddi nasazılığa düçar olub və bunu dananlar ya özləri də xəstədir, ya da vəziyyətdən tam xəbərsizdir.
Əsl faciə ondadır ki, mətbuata kurasiyanı həyata keçirənlər elə mexanizmlə işləyir ki, kandardan o yana nəzər belə, salmırlar. Əslində, onlara bu heç lazım da deyil. Çünki mətbuat onların əlində qazanc alətinə çevrilib və sistemli şəkildə işləyib mənfəət gətirir.
Lakin özümüzə və ətrafımıza diqqətlə fikir versək, görəcəyik ki, ciddi təhdidlərlə üz-üzə duran Azərbaycanı düşmən ideoloji maşını sərasər hər tərəfdən atəşə tutur. Bu vəziyyətdə əsas gücü bir yerə toplayıb və düşmənə yönəltmək əvəzinə, biz daxildə kimi gözümüz götürmürsə, ona savaş elan edib, resurslarımızı şəxsi cəbhələrdə xərcləyirik.
Bu sətirləri oxuyan bəzi oxucular, hətta həmkarlar düşünə bilər ki, mücərrəd predmet haqda söhbət açıram. Amma mən konkretliyə üstünlük verməklə fikirlərimi bölüşmək niyyətindəyəm.
Dövlət başçısının yanında KİV nümayəndələri nədən danışdı?
Söhbət 2013-cü ilin sonunda Azərbaycan media nümayəndələrinin cənab Prezident İlham Əliyevlə görüşündəki danışıqdan gedir. Həmin görüşdə müzakirə predmeti kimi dörd məsələ diqqət mərkəzində oldu. Təbii ki, Prezident İlham Əliyev həmsöhbətlərdən milli mətbuatın vacib problemləri, dünya çapında Azərbaycanın necə təbliğ olunması barədə mütərəqqi fikir və mülahizələr yürüdüləcəyini gözləyir, ən başlıcası isə səmərəli təkliflər eşitmək istəyirdi. Lakin görüşdə Azərbaycan mediasını təmsil edənlərin, onun adından danışanların söhbəti qəzet satışı kimi texniki məsələlərin müzakirəsindən o yana apara bilməməsi ölkə rəhbərinin qiymətli vaxtını almaq anlamına gəldi.
Görəsən, görüşün pərdəarxası hazırlıq işini aparan şəxslər, heç olmasa, düşünmüşdülərmi ki, görüşün gündəliyini Prezidentin səviyyəsinə necə uyğunlaşdırmaq lazımdır? Zənnimcə, yox. Çünki düşünsəydilər, görüşün baş qəhrəmanları ölkə rəhbərinə onun özünün gördüyü işlərdən danışmazdılar. Bir növ, cənab Prezidentə görmüş olduğu işlər barədə geniş xatırlatmalar edildi. Amma bir nəfər ağzını açıb erməni təbliğatının tərkisilah edilməsi, beynəlxalq aləmdə daha təsirli təbliğati hücum strategiyasını reallaşdırmaq yolları barədə danışmadı.
Xatirimdədir, həmin görüşdən sonra mətbuatda bir neçə əsaslı yazıda görüşə məsul şəxslər haqlı olaraq ciddi tənqid edildi. Hətta yazarlardan biri məqaləsində kimlərəsə “qəbir daşı olmadığı”nı bildirərək, təhqiramiz ithaf qələmə almışdı.
Tənqiddən nəticə çıxarmaq alicənablıq, əsl sanbal sahibinin işidir. Bəla ondadır ki, cavabdehlər bu keyfiyyətdən də uzaqdadırlar. Kiosklarda dəftər-qələm, qəzet, digər məktəb ləvazimatı satışı səviyyəsində düşünənlər isə nəticə çıxarmır, sayğacları da pulları saymaqda davam edir. Onların fəlsəfəsinə görə hər şey – dövlət təbliğatı, düşmənə informasiya mücadiləsində sinə gərmək kimi məqamlar xırda məsələlərdir...
Biz niyə uduzuruq?
Son illər mənə MDB Media Forumlarında iştrak etmək nəsib olur. Çox uzağa getmədən, 2011-ci ilin dekabrında Qazaxstanın paytaxtı Astanada keçirilmiş Forumu xatırlamaq istəyirəm. Ora 12 nəfərdən ibarət nümayəndə heyəti ilə getmişdik. Tədbirin başlanğıc hissəsi yekunlaşandan sonra Forumun çıxış və müzakirələri müxtəlif panellərdə davam etdirildi. Nümayəndələr 2-3 nəfərlik qruplara bölünərək, panellərdə çıxış və müzakirələrdə iştrak edirdi.
Diskussiyalarda yaxından, fəal iştrak nəzəri baxımdan əhəmiyyətli olmaqla yanaşı, milli maraqları önə çəkmək mənasında da həmişə ələ düşən fürsət deyil. O cür tədbirlər bizim üçün xüsusilə göydəndüşmədir, çünki təcavüzə məruz qalmış ölkə olaraq, fikrimizi təlqin etmək meydanı yaranır. Amma Qarabağ kimi problemlə bağlı, həmçinin inteqrasiya və sair məsələlər ətrafında mövqe döyüşlərində üstün olmaqdan ötrü kəsərli arqumentlər gətirməlisən, qarşısına çıxdığın auditoriyanı inandırmaq, sənə düşmən kəsiləni isə hətta susdurmaq üçün hərtərəfli hazırlıqlı olmalısan. Bu isə hara, hansı tədbirə getdiyini bilməkdən, dərk etməkdən və ən əsası, məsuliyyətli olmaqdan keçir.
Astana Forumunda 12 nəfərdən yalnız beşimiz tədbirlərdə görünüb, necə deyərlər, real fəaliyyət göstrədik. Erməni nümayəndə heyəti isə əvvəldən-axıradək mütəşəkkil qaydada, bir komanda kimi iştrak etdi. Əksər halda ermənilərin yalanlarını konkret, təkzibolunmaz faktlarla üzə çıxarsaq da, inanın, düşmən tərəfin bir olması, bütöv olması neytral cəbhədə fikir müxtəlifliyinə gətirib çıxarır, şübhələrə yol açırdı.
Təbii ki, bundan narahat oldum və bizimkilərin tədbirlərdə niyə mobil iştirak etməməsi ilə maraqlandım. Bəlli oldu ki, komandamızın əksər üzvü Astanaya gəzməyə, nə bilim, dincəlməyə, sadəcə, turist kimi gəlib. Daha doğrusu gəlməyiblər, göndəriliblər!
Təsəvvür edirsinizmi, fərdi söhbətlərdə yəqinləşdirdim ki, “komanda yoldaşlarım”ın bir neçəsi heç rus dilini bilmir. Xüsusi təyinatlı “həmkarlarla” isə biz yalnız hava limanında və təyyarədə bir yerdə olduq. Qalan vaxt hərə öz işi ilə məşğul oldu.
Bu da həmin o jurnalistika cəngavərlərinin media forum aktivliyi.
Maraqlıdır ki, bir il sonra, 2012-nin dekabrında həmin adamlarla yenə bir yerdə, ancaq bu dəfə Minskdə MDB media Forumunda olduq. Tarix təkrarlandı, lakin bir fəqlilik vardı – indi biz tez-tez görüşürdük, çünki Forumun bütün iclas və panelləri yaşadığımız hoteldə keçirilirdi. Və həmin o xüsusi təyinatlılar lobbidə idman formasında gəzişsələr də, mübarizə meydanına, ümumiyyətlə, çıxmadılar.
Yeri gəlmişkən, ermənilərin heyətində həm Minskdə, həm də Astanada indi prezident Serj Sarkisyanın mətbuat katibi Arman Saqatelyan da vardı. Onunla şəxsi ünsiyyət zamanı bəzi məsələlərə toxunub, juranlisitakının ümumi problemləri barədə söhbətləşdik. O, sözarası məndən bizimkilərin müzakirələrdə olmamalarının səbəbi ilə maraqlandı. Tam ciddi şəkildə “onlar bərk məşğuldurlar, daha vacib tapşırıqları həll edirlər”, - deyə cavab verdim.
Düşmən səni izləyirsə, deməli...
Həmin A.Saqatelyan mənə işlədiyim “New Baku Post” qəzetinin niyə ingilis dilində də çıxmaması barədə sual verəndə təəccübləndim. Sonra yadıma düşdü ki, onunla 2012-ci ilin iyununda Moskvada erməni jurnalistlərlə görüşümüz zamanı qəzetimizin rekvizitlərini vermişdim. Bəlli oldu ki, o, qəzetin elektron səhifəsini izləyir. Nəhayət, maraqlandı ki, tam elektronlaşamağa getmirikmi? Dedim ki, bu, planımızda var. A.Saqatelyan etiraf etdi ki, zamanın tələbi – elektron qazetdir və əvvəl-axır bununla barışmaq lazım gələcək. Elə biz özümüz də redaksiyada bu haqda vaxtaşırı söhbətləşib monitorinqlər keçirirdik.
2012-ci ilin əvvəlində “New Baku Post”un nəşrinə başlayanda bu qərara gəldik ki, Azərbaycanda qəzet oxucusunun sayı sürətlə azalır, ona görə nəşrimizi pulsuz edək və bununla oxucu kütləsinin mütaliə fəallığını artıraq, stimullaşdıraq.
İstədiyimizi gerçəkləşdirdik, “New Baku Post” 20 min tirajla paylansa da, tələbat daha çox idi. Xeyli oxucu qəzeti gəlib redaksiyadan əldə edirdi. Bununla belə, cavan nəsilin kütləvi şəkildə elektron vasitələrlə “silahlanması” günümüzün reallığıdır və bu amillə hesablaşmamaq mümkün deyil.
Gənc nəsil KİV-lərlə planşet, ay-pad, ay-fonla küçədə, metroda, auditoriya və evdə tanış olur, məlumatları müasir texnoloji vasitələrin imkanlarından yararlanmaqla əldə etməyə üstünlük verirlər.
Beləcə, bizim layihənin müəlliflərindən olan həmkarın Kənan Quluzadə ilə 2014-cü ilin əvvəlindən elektron qəzetə keçmək qərarına gəldik. Çünki bunu zaman tələb edir.
Yolumuz haradır?
Mətbuat ictimai fikirlə, monitorinqlərin nəticələri, həmkarların və istifadəçinin istəyi ilə maraqlanmasa, iradları qəbul etməsə, inkişafa aparan yolu özü öz əli ilə bağlamış olar. Bunlarsız müasirlik və effektivlik barədə düşünmək əbəsdir. İndi Azərbaycanda dövri mətbuatla bağlı həddən artıq acınacaqlı vəziyyət yaranıb. Prezidentin təşəbbüsü ilə Mətbuata Dəstək Fondu yaradılanda həmkarlar sevindilər ki, artıq milli mediada yeni intibah dövrü başlayacaq.
Təəssüf ki, belə olmadı. Əslində, intibah dövrü başlandı, lakin mətbuat üçün yox, onun belini qıranlar üçün. Hər il büdcədən KİV-lərə maliyyə dəstəyi verilir. 100.000 manata qədər olan bu dəstəyi alan nəşrlər, demək olar ki (!), eyni qəzetlərdir və onların əksəriyyətinin nə geniş oxucu kütləsi var, nə də populyarlığı. Məlumatlı həmkarların dediyinə görə, yalnız bir neçə adama lazım olan həmin qəzetlər dövlətin sözügedən maliyyə dəstəyinin hesabına yaşayır, ömür sürür. Oxucu sayı 200-300 nəfərdən artıq olmayan bu nəşrlər mətbuata işləmirlər, mətbuatı özlərinə işlədir, tabe edib ondan qazanc mənbəyi kimi faydalanır.
Onların dövlət quruculuğuna, milli problemlərin həllinə, erməni təbliğatı ilə əks-təbliğat işinə heç bir faydası yoxdur və ola da bilməz. Əgər düzünü deməli olsaq, onların azsaylı redaksiya heyəti zəli kimi dövlətin bədəninə yapışıb, qandır ki, sorurlar.
Reket jurnalistikasının iki başı var?
“Reket jurnalistikası” dedikdə əsas məqamı dəqiqləşdirib bildirmək lazımdır ki, bu sosial bəlanın iki növü var: biri qapı-qapı düşüb yerlərdə idarə və müəssisələrin qanını içənlərdir, digəri isə dövlətin maliyyəsini təlimatcılarının dəstəyi ilə dağıdıb özləri üçün maşın, mal, qiymətli şeylər alan, dəbdəbə düzəldənlər.
Amma reketin iki başı olması artıq təəccüb və sual belə, doğurmur. Məsələ ondadır ki, başlardan birini mənən və maddi tərəfdən aşağı pillə qidalandırır, ikincini isə məmur zümrəsi.
Nəhayət, milli mətbuatın vahid vücudu xırda problemlər, dedi-qodu, haqq-hesab çürütmələrdə parçalanır, yarası getdikcə daha da dərinləşir. Yəni, bizdə jurnalistikanın əsas zümrəsi xarici düşmənə qarşı səfərbər olmaq əvəzinə, əksinə hərəkət edir. Gücümüzü bir-birimizlə yersiz və faydasız, ən qorxulusu isə bizi zəiflədən proseslərə xərcləməklə olan-qalan potensialımızı da əridir, nəticədə evimizin kandarından uzağa gedə bilmirik, çünki taqətdən düşürük.
Nə qədər ki, aparıcı kolonumuz qarətçi və reketçilərdən, turist və poza verənlərdən ibarət olacaq, başqa vəziyyət gözləməyə dəyməz. Bu azmış kimi, bu günlərdə bir ilginc məlumatla da rastlaşıb təəccüblənmişəm. Unikal xəbərlə məni tanış edən həmkarım dedi: “Bərk dur yerində, yıxılma, gör sənə nə deyirəm. Bir məmur onu mediada biyabır edən jurnalistlə məxvi görüşüb və 50 min manat verərək sülhə nail olub”.
Etiraf edirəm, bundan sonra daha mən heç nəyə təəccüblənmirəm. Lakin ilginc xəbərin təfərrüatı məni bir qədər düşünməyə vadar etdi. Niyə? Məncə, həmin məmur taktiki müstəvidə sülh əldə edib ki, strateji istiqamətdə özünün düşməni ilə amansız mübarizə aparsın. Yəni, jurnalisti ələ alıb özünə müttəfiq edib ki, güclənsin və daxili savaşda daha təpərli olsun.
Deməli, jurnalistikamızda iyrənciliklər, daxili müharibələr davam edir və bunda maraqlı olanlar vəziyyətin daha da tündləşməsi, qütbləşmənin dərinləşməsi, barışmazlıq mühitinin daimiliyinin təmin olunması üçün əleyhimizə işləyənlər heç nə əsirgəmirlər.
Və... ən pisi də odur ki, özünüsenzura hələ də yox səviyyəsindədir. Deyəsən, nöqtə qoymağın məqamıdır. Təəssüf ki, nöqtəni hələlik yalnız bu tip yazılarda qoyuruq, milli mətbuatdakı rüsvayçılığa nöqtə qoymaq üçün isə milli ruha söykənən həmrəylik tələb olunur – həmkar həmrəyliyi!