10:16 Cümə, 22 Noyabr 2019
TOP4

İngilislərin puça çıxmış Bakı planı: London derbisinin Azərbaycan üçün önəmi

15:20, 13.05.201914972
İngilislərin puça çıxmış Bakı planı: London derbisinin Azərbaycan üçün önəmi
Hacıbəy Heydərli

29 may günü bütün dünyanın və Avropanın diqqəti növbəti dəfə Bakıda olacaq.
 
Avropanın ikinci ən böyük futbol turniri olan Avroliqanın finalı paytaxtımızda baş tutacaq.
 
Bu turnirin nə qədər önəmli olduğu futbol izləyən hər kəsə bəllidir.
 
Adicə bir misal çəkə bilərəm ki, qardaş Türkiyənin futbol sahəsində ən böyük uğuru "Qalatasaray"ın UEFA kubokuna sahib olmasıdır. Cim-Bom 2000-ci ildə finalda "Arsenal"ı məğlub edərək, kuboku qaldırmışdı. "Arsenal"dan söz düşmüşkən qeyd etməliyəm ki, Bakı finalı londonlular üçün həyatı önəm daşıyır. Belə ki, Premyer Liqada uğursuz mövsüm keçirən və 5-ci yeri tutan "Arsenal" Bakıya tam heyətlə gəlmək istəyir və bu onların doğal haqqıdır. Erməni futbolçu Mxitaryan ətrafında şou yaradılması və guya onun Bakıya buraxılmaması iddiası da tamamilə yalandır. Əgər baş məşqçi istəsə, Henrik Bakıya gələcək və meydana çıxacaq. Rəsmi Bakı onun və bütün futbolçuların təhlükəsizliyinə təminat verib. 
 
Bu yerdə istərdim ki, Bakı finalının Londonlular üçun önəmi haqda danışım: 

- "Ağ-qırmızılar" bu günə qədər bir dəfə də olsun Çempionlar Liqasının və ya Avroliqanın qalibi olmayıb. Bakıda qazanılacaq kubok "Arsenal" üçün ilk olacaq.
 
- "Arsenal" bu il Premyer Liqada 5-ci yeri tutub və gələn il üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bakıda qazanılacaq qələbə ilə onlar ÇL-a da vəsiqəni təmin edəcəklər.
 
- Baş məşqçi Emeri üçün Bakı finalı çox önəmlidir. Arsen Vengerden sonra kluba gələn Emeri Bakıda kubok qazansa, klubun tarixinə düşəcək və bir növ Arsen Vengerin yoxluğunu hiss etdirməyəcək.
 
- "Arsenal" və "Çelsi" bu günə qədər 1 dəfə Bakı Olimpiya Stadionunda matç keçiriblər və istər futbolçular, istərsə də məşqçilər Bakımız haqda yalnız xoş sözlər deyiblər. "Liverpul"un baş məşqçisi Klopp kimi qeybət ardınca qaçmayıblar. Bu səbəbdən də Bakı hər iki klub üçün əlverişli şəhərdir və burada problemlə qarşılaşmaq ehtimalları yoxdur.

- Uğursuz mövsüm keçirən və kubok qazana bilməyən "Çelsi" üçün də Bakı finalı həyati önəm daşıyır. Çətin ki, azarkeşlər Abramoviçin komandasının "Arsenal"a məğlubiyyətini həzm edə bilsin. Bu həm də dünyaşöhrətli futbolçu Eden Hazardın "Çelsi" forması ilə son oyunu ola bilər. Eden də klubu kubokla tərk etmək üçün əlindən və ayağından gələn hər şey edəcək. 
 
Avroliqanın finalının Azərbaycan üçün önəmi:

- Bu yerdə qeyd edim ki, Azərbaycan  ingilislərə doğma ölkədir. Çünki İngiltərə futbol tarixinin ən böyük uğuru həmyerlimiz Tofiq Bəhramovla bağlıdır. Məhz Bəhramovun verdiyi qərar nəticəsində İngiltərə Almaniyanı məğlub etmiş və dünya kubokuna sahib çıxmışdır. 

- Azərbaycan həm də beynəlxalq yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır. Paytaxtımızda 2012-ci ildə "Eurovision", 2015-ci ildə "Avropa Oyunları", 2016-ci ildə İslam Həmrəylik Oyunları, Formula-1 yarışları uğurla baş tutub. Bu səbəbdən Avroliqa finalına ev sahibliyi etmək Bakı üçün çətin olmayacaq.

- Bakıda eyni zamanda turistlər üçün ən lüks otellər və ən ucuz hostellər də fəaliyyət göstərir ki, bu da ingilislərin paytaxtımızda rahat şəkildə qalmaları üçündür. 

- Erməni futbolçu Henrik Mxitaryanın da Bakıya gəlişində bir problem yoxdur. Bundan öncəki beynəlxalq yarışlarda erməni idmançılar dəfələrlə paytaxtımıza gəlib və heç bir neqativ halla rastlaşmayıb. 

- Henrik özü də Azərbaycan futboluna və xalqına yaxşı bələddir. Belə ki, "Borussiya Dortmund"da oynayarkən "Qəbələ" ilə eyni qrupda, "Arsenal"da isə "Qarabağ"la eyni qrupda yer alıblar və Henrikin komanda yoldaşları da heç bir narazılıq bildirməyib. 

- Azərbaycan təkcə Henrikin deyil eyni zamanda ölkəyə gələcək turistlərin də təhlükəsizliyinə zəmanət verib. Hər kəsə bəllidir ki, ingilis futbolsevərlər dünyada ən çılğın və ən davakar azarkeş kimi tanınır. "Çelsi" və "Arsenal" klubları da əzəli və əbədi rəqib kimi bilinir. Belə olan təqdirdə bu təminata görə ingilislər yalnız və yalnız Azərbaycana minnətdar olmalıdır.

- Final günü Bakıya minlərlə turist təşrif buyuracaq. Onlar təkcə London derbisindən deyil, həm də Bakımızın gözəlliyindən həzz ala biləcəklər. 

Son olaraq isə əminliklə deyə bilərəm ki, Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq. Qərb dairələrinin qısqanclığı və Azərbaycanı gözügötürməməyi ilk dəfə deyil ki, olur. Onlar Avropanın ən nəhəng klublarının Bakıda üz-üzə gəlməsini həzm edə bilmir. Azərbaycan isə növbəti dəfə dünyanın diqqətini özünə cəlb edəcəyi günü gözləyir. 29 may dünya təkcə London derbisini izləməyəcək, həm də Bakının gğzəlliyini, müasirliyini, qonaqpərvərliyini öz gözləri ilə görəcək. 

Sonda isə qeyd edim ki, iordaniyalı karikaturaçı Omar Momani növbəti karikaturasını bir neçə gün öncə Avropa Liqasının final oyununun Bakıya salınmasından narazılığını bildirən "Liverpul"un baş məşqçisi Yürgen Kloppa həsr edib.
Karikaturada almaniyalı mütəxəssislə yanaşı, Avroliqanın finalçıları "Arsenal" və "Çelsi"nin baş məşqçiləri - Unai Emeri və Mauritsio Sarrini, eyni zamanda futbolçuları təsvir edən rəssam altında isə bu sözləri yazıb:
"Bizə qoşulun, cənab Klopp. Azərbaycanda səhər yeməyi insanları bir araya gətirir və hamını xoşbəxt edir. Bunun dadına baxmaq lazımdır".



XƏBƏR LENTİ