1013 uşaq dövlət himayəsinə verilib: 115-i əlilliyi olanlardır

1013 uşaq dövlət himayəsinə verilib: 115-i əlilliyi olanlardır
SOSİAL
12:12 11.09.2026
109

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib.

Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.

Hadisə valideyn himayəsindən məhrum olan uşaqların sonrakı taleyi, onların dövlət tərəfindən necə qorunduğu və xüsusilə fiziki məhdudiyyətlə doğulan uşaqların sosial müdafiəsi məsələsini yenidən gündəmə gətirib.

Bəs son illərdə neçə uşaq valideyn himayəsindən məhrum olaraq dövlət himayəsinə verilib? Bu uşaqlar arasında əlilliyi olanların sayı nə qədərdir?

AZXEBER.COM məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu göndərib.

Agentlikdən AZXEBER.COM-a bildirilib ki, 2022-ci il noyabrın 1-dən bu günədək uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı 2740 müraciət daxil olub:

"2022-ci ilin 1 noyabr tarixindən bugünədək altsistemə 2740 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət daxil olub. Agentlik tərəfindən görülən kompleks dəstək tədbirləri nəticəsində bu uşaqlardan 1059-u ailə himayəsində saxlanılıb. Həmçinin bu dövrdə 1013 uşağın sosial xidmət müəssisələrinə yerləşdirilməsi həyata keçirilib. Onlardan 115-i əlilliyi olan uşaqlardır”.

Qurumdan bildirilib ki, 2020-ci ildən bu yana 924 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışı təmin edilib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövr ərzində həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində isə 924 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub”.

Agentlik vurğulayıb ki, valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində böyüməsi və onların hüquqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir:

"Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, eləcə də onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. İnstitusional qayğıdan ailə əsaslı qayğıya keçidin təşviqi, uşaqların fərdi ehtiyaclarının nəzərə alınması və davamlı sosial dəstək mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdəndir”. 

Sosial Xidmətlər Agentliyi qeyd edib ki, uşaqların ailə himayəsinə qaytarılması üçün ailələrə fərdi sosial dəstək göstərilir: 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində iş aparılır. Uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir. Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir. Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR