125-lər Siyasi Klubunun sədr müavini Günel Səfərova Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
G.Səfərova ölkə rəhbərindən “Uşaq Fondu”nun yaradılması haqda sərəncam verməsini xahiş edir:
“Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasında iki milyondan çox uşaq yaşayır. Rəsmi məlumata əsasən bu uşaqlardan 62 min nəfəri əlilliyi olan, 10 min nəfərə yaxın internat və uşaq evlərində dövlət himayəsində böyüyən, 2 mindən çox küçədə yaşayıb işləyən, 300.000-dən çoxu məcburi köçkün ailələrində yaşayan uşaqlardır. Azərbaycan Respublikasının Milli Məclisi “Uşaq Hüquqları Haqqında” qanunu 1998-ci ildə qəbul edib. 2006-ci ildə isə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Uşaq müdafiə siyasətinin icrasında dövlət qurumlarına dəstək verən qeyri-hökumət təşkilatlarında uzunmüddətli fəaliyyətim və təcrübəm Azərbaycanda Uşaq Fondunun yaradılmasına ehtiyac olduğunu söyləməyə əsas verir. Belə ki, ölkəmizdə sosial statusundan irəli gələrək dövlət müəssisələrinə (uşaq evləri, internatlar) atılma riski altında olan ailələrə təcili və birdəfəlik yardım göstərən təşkilatların sayı çox azdır və ya onların fəaliyyəti az sayda uşağı əhatə edir. Birbaşa çalışdığım aztəminatlı ailələrin çox saylı müraciətlərini əsas götürərək Uşaq Fondunun yaradılması ilə bağlı qərar verməyinizi Sizdən xahiş edirəm.
Hörmətli cənab Prezident
Azərbaycanda uşaq müdafiəsi siyasətində önəmli rol oynayacaq Uşaq Fondunun təsis edilməsi ilə bağlı Sizin müsbət qərar verəcəyinizə inanıram”.