Qaz xəttində sızma səbəbindən ölkənin cənub bölgəsində 13 rayon qazsız qalıb.
Hacıqabul-Astara qaz kəmərindən qidalanan Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarının və Lənkəran şəhərinin qaz təchizatı dekabrın 17-də günorta saatlarında dayandırılıb.
Milli.Az-ın "Azəriqaz" İB-dəki mənbələrdən əldə etdiyi məlumata görə, 13 rayonunun qaz təchizatının dayandırılmasına səbəb Hacıqabul-Astara magistral qaz xəttinin Biləsuvar rayonundan keçən hissəsində baş verən texniki qəza, nəticədə yaranan güclü qaz sızması olub.
"Azəriqaz" İB-nin cənub bölgələrindəki qaz idarələrindən birindən bildiriblər ki, artıq 2 gündür ki, qəza baş vermiş magistral qaz xəttində fasiləsiz təmir işləri aparılır. Təmir işlərinin bu günün sonunadək başa çatdırılması və qazsız qalmış 13 rayonun qaz təchizatının bərpa olunması gözlənilir.