Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat bu gün növbəti əlamətdar tarixini qeyd edir.
Aradan ötən illər ərzində mətbuat cəmiyyətin güzgüsü, ictimai fikrin tribunası olaraq öz missiyasını davam etdirib. 22 İyul isə bu məsuliyyətli peşəni seçən jurnalistlərin bayramı kimi qeyd olunur.
Milli Mətbuat Günü ilə əlaqədar AZXEBER.COM dövlət qurumlarının mətbuat xidmətlərinə müraciət edərək onların təəssüratlarını və təbriklərini öyrənib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə media nümayəndələrini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb:

"22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycan mediası bu gün həm ənənələrə söykənən, həm də rəqəmsal transformasiyaya uyğunlaşan mühüm inkişaf mərhələsindədir. Operativlik, peşəkarlıq və cəmiyyətin düzgün məlumatlandırılması medianın qarşısında duran əsas çağırışlardır”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, media ilə əməkdaşlıq ictimaiyyətin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır:
"Azərbaycan milli mətbuatının 151-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş arzularımızı çatdırırıq. İctimai asayişin və təhlükəsizliyin təmin edilməsi, hüquqi maarifləndirmə sahəsində əməkdaşlığınıza görə hər birinizə təşəkkür edirik. Peşə bayramınız münasibətilə sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və fəaliyyətinizdə nailiyyətlər arzulayırıq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov qalib bir xalqın mediası olmaqdan qürur duyduğunu bildirib:
"İlk növbədə bütün həmkarlarımı Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Mediamız şərəfli bir inkişaf yolu keçib. Bu gün qalib bir xalqın mediası olması ilə qürur duyan Azərbaycan mətbuatı həmişə sağlam ənənələrə söykənib. Mütərəqqi ideyaların daşıyıcısı olmaq, dürüst informasiya təminatı missiyasını ləyaqətlə yerinə yetirmək və bu gün cəmiyyət həyatının ayrılmaz bir hissəsinə çevrilmək milli jurnalistikamızın əsas xüsusiyyətlərindəndir. Milli jurnalistikamızı səciyyələndirən mühüm cəhətlərdən biri onun daim axtarışda olan, yenilənməyə və novatorluğa meyilli yaradıcı mühit olmasıdır”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, media cəmiyyətin düzgün məlumatlandırılmasında mühüm rol oynayır:
"Media cəmiyyətlə dövlət arasında etibarlı körpü rolunu oynayır. Xüsusilə elm və təhsil kimi hər bir ailəyə toxunan sahədə görülən işlərin, islahatların və əldə olunan nəticələrin obyektiv, operativ və peşəkar şəkildə ictimaiyyətə çatdırılması böyük əhəmiyyət daşıyır. Eyni zamanda, rəqəmsal dövrdə dezinformasiya, informasiya bolluğu və sürət amili medianın qarşısında duran əsas çağırışlardandır. Bu şəraitdə dəqiq faktlara söykənən, məsuliyyətli və etibarlı jurnalistikanın əhəmiyyəti daha da artır. Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıram”.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin rəis müavini Günel Bəhramqızı isə media nümayəndələrini təbrik edərək müasir jurnalistikanın qarşısında duran əsas çağırışlara diqqət çəkib:

"22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
Media cəmiyyətlə dövlət, eləcə də müxtəlif qurumlarla vətəndaşlar arasında etibarlı informasiya körpüsüdür. Müasir dövrdə Azərbaycan mediası həm operativ informasiya çatdırılması, həm də ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır. Eyni zamanda, qarşıda duran əsas çağırışlardan biri sürətlə yayılan dezinformasiyaya qarşı mübarizə, məlumatların dəqiqliklə yoxlanılması, peşəkar jurnalistika prinsiplərinin qorunması və rəqəmsal mühitdə ictimai etimadın daha da möhkəmləndirilməsidir. İnanıram ki, media ilə mətbuat xidmətləri arasında qarşılıqlı etimada və açıq kommunikasiyaya əsaslanan əməkdaşlıq cəmiyyətin düzgün və dolğun məlumatlandırılmasına bundan sonra da mühüm töhfə verəcək”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib və media nümayəndələrinin cəmiyyətdəki rolunu vurğulayıb:
"Mətbuat cəmiyyətin aynası, həqiqətin səsi və ictimai fikrin formalaşmasında mühüm rol oynayan institutdur. Peşəsini obyektiv, vicdanla və peşəkarlıq prinsiplərinə sadiq qalaraq yerinə yetirən bütün jurnalistləri təbrik edir və yeni nailiyyətlər arzulayıram. İstənilən sahədə dəyərləri gözdən salmağa çalışanların qarşısında ön cərgədə mətbuat nümayəndələrinin olması ölkəmizdə müasir dövr mətbuat ənənələrinin oturuşduğunu deməyə əsas verir. 22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm. Yorulmayasınız, əziz həmkarlar. Özünüz və sözünüz həmişə dəyərli olsun”.
İri Şəhərlərin Su Təchizatı QSC-nin mətbuat katibi Ceyhun Musaoğlu Milli Mətbuat Günü münasibətilə həmkarlarını təbrik edib və jurnalistikanın əsas prinsiplərinə diqqət çəkib:
"Nə xoş ki, Azərbaycan mətbuatı 151 ildir yol gəlir. Nə xoş ki, bu şanlı tarixin təqvimində mənim də payıma düşən xeyli illər olub və bu müqəddəs peşənin həyatına bağlı illərim davam edir. Arzum odur ki, həqiqətə xidmət, dəqiqlik və obyektivlik, informasiya qaynaqlarına sayğılı yanaşma, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması, bütövlükdə dövlətin rifahının yaxşılaşmasına və nəticədə insan məmnunluğunun yüksəldilməsinə xidmət jurnalistikanın əbədi meyarı olsun”.
Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsi Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb:
"Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. Cəmiyyətin məlumatlandırılmasında və ictimai dəyərlərin formalaşmasında mühüm rol oynayan media nümayəndələrinə fəaliyyətlərində uğurlar diləyirik”.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə peşəkar, dəqiq və məsuliyyətli jurnalistikanın cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"Bu gün media qarşısında duran əsas çağırış operativliklə dəqiqliyi qoruyub saxlamaqdır. Xüsusilə səhiyyə sahəsində yayılan hər bir məlumat insanların sağlamlığına, qərarlarına və ictimai etimada birbaşa təsir göstərir. Buna görə də xəbərin sürətli olduğu qədər, dəqiq, yoxlanılmış və məsuliyyətli olması da vacibdir. İnanıram ki, media ilə dövlət qurumları arasında qarşılıqlı etimada əsaslanan peşəkar əməkdaşlıq cəmiyyətin düzgün məlumatlandırılmasının əsas şərtidir”.
Fəridə Əsədzadə