2 aprel mitinqinə kimlər qatılacaq?

2 aprel mitinqinə kimlər qatılacaq?
Bütün Xəbərlər
09:50 25.03.2011
1727

Mitinq Komitəsində təmsil olunan Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, artıq partiyalar ciddi şəkildə mitinqə hazırlıq işlərinə başlayıb. O qeyd etdi ki, İctimai Palatanın (İP) martın 24-də keçirilən toplantısında mitinqin keçirilməsi bir daha müzakirə edilib: “Bununla bağlı qərar verilib. Mitinq istənilən halda keçiriləcək. Mitinqə icazə verilsə, deyilən yerdə, verilməsə isə aprelin 2-də saat 14.00-da Fəvvarələr meydanında keçiriləcək”. 

T.Yaqublunun sözlərinə görə, mitinqə Müsavatın rayon təşkilatlarının qatılması üçün partiya çağırış etməsə də, rayonlardan mitinqə qatılmaq istəyənlər var: “Bununla bağlı göstəriş verməmişik, konkret tapşırıq yoxdur, amma gələnlər olacaq”. O, mitinqin qətnaməsinin də müzakirə və təsdiq edildiyini söylədi.

Qeyd edək ki, aprelin 2-də Bakıda keçiriləcək mitinqin yalnız müxalifət partiyalarının aksiyası olmadığı, ümumxalq xarakteri daşıdığı bildirilir. Bu səbəbdən siyasi partiyaların heç biri partiya bayraqlarından və simvollarından istifadə etməyəcək. Yalnız ölkənin milli bayraqlarından istifadə olunacaq. Bununla 2 aprel mitinqinin yalnız müxalifət partiyalarının, yaxud İctimai Palatanın deyil, bütövlükdə ümumxalq etiraz aksiyası olduğu vurğulanacaq.

Bəzi müxalifət partiyaları isə 2 aprel mitinqinə qoşulmaq fikrində deyil. Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd etdi ki, partiya aprelin 2-də keçiriləcək mitinqə qatılmaqla bağlı bir şərtlə müzakirə apara bilər: “Bununla bağlı təşkilatçılar bizə müraciət etməyiblər, müraciət olsa, müzakirə edəcəyik”. Ümid sədrinin sözlərinə görə, müraciət olmasa, onlar mitinqə qatılmayacaqlar: “Partiyanın üzvlərinin fərdi şəkildə mitinqə qoşulub qoşulmayacağını da təxmin etmək çətindir. Ancaq müraciət olmasa, fərdi şəkildə qoşulmaq da partiyanın rəhbər orqanlarına şamil deyil”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, partiya İctimai Palataya üzv olmadığına görə təşkilatın heç bir tədbirində, o cümlədən mitinqlərində iştirak edə bilməz.

Qeyd edək ki, 2 aprel mitinqi ilə bağlı Bakı Şəhər İcar Hakimiyyətinə müraciət edilsə də, qurum məktubu qəbul etməkdən imtina edib. BŞİH-dən təşkilatçılara məktubu bayram tətilindən sonra təqdim etmək məsləhət görülsə də, məktub meriyaya poçt vasitəsilə göndərilib. Qeyd edək ki, Müsavat Partiyasının 12 mart mitinqi ilə bağlı edilən müraciəti də BŞİH qəbul etməmişdi və təşkilatçılar o zaman da məktubu poçt vasitəsilə göndərməli olmuşdular./// Yeni Musavat

 

OXŞAR XƏBƏRLƏR