20 Yanvar faciəsi milli kimliyin dərkinə rəvac verdi

20 Yanvar faciəsi milli kimliyin dərkinə rəvac verdi
SOSİAL
11:51 20.01.2020
4883
 Politoloq Mehti Namazov

Demək olar ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarix boyu üzləşdiyi ən dəhşətli müsibətlərdən biridir. Həmin faciə zamanı 150 nəfərə yaxın dinc sakin qətlə yetirilib, 600-dən yuxarı həmvətənimiz isə yaralanıb. 30 ildir ki, sözügedən qanlı olayın verdiyi ağır fəsadlara görə qəlbimiz sızlayır. Lakin eyni zamanda, məlum hadisələr zamanı törədilən xüsusi amansızlıqların xalqımızın mübarizə əzmini daha da gücləndirməsi bizi qürurlandırır. Böyük fəxrlə qeyd edə bilərik ki, 20 Yanvar faciəsi ölkəmizdə milli kimliyin dərkinə rəvac vermiş, azadlığa, müstəqilliyə gedilən yolu yaxınlaşdırmışdır.

Qanlı Yanvar hadisələrindən bəhs edərkən, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki çıxışını unuda bilmərik. Ulu Öndər öz cəsarətli çıxışı ilə Azərbaycan xalqının taleyinə biganə yanaşmadığını açıq-aydın şəkildə nümayiş etdirdi. Həmçinin bunu da vurğulamalıyıq ki, məhz Ümummilli liderin Azərbaycanda 2-ci dəfə hakimiyyətə gəlişindən sonra 1994-cü ildə 20 Yanvar faciəsinə tarixi-siyasi qiymət verilib.

Hər birimiz Ulu Öndərin siyasi kursuna sadiqliyi bu gün cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına olan xüsusi münasibətində də müşahidə edirik. 20 Yanvar faciəsində canını fəda etmiş soydaşlarımızın ailələri və sağlamlığını itirmiş şəxslər ölkə başçısının onlara qarşı diqqət və qayğısından, həssas qruplara aid vətəndaşların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən layiqincə yararlanır. Ötən il Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə şəhid ailələri üçün təqaüdün artırılaraq 300 manat müəyyən edilməsi bu kimi konkret əməli fəaliyyətin daha bir əyani göstəricisidir.


OXŞAR XƏBƏRLƏR