Bakının “20 yanvar” metrostansiyasının keçidindəki ticarət obyektlərinin sökülməsinə başlanılıb.
Söküntü işlərinə dünəndən başlanılıb. Obyekt sahibləri deyirlər ki, hələlik tunelin bəzi yerlərindəki obyektlər sökülüb. Bəzi satıcılar söküntü barədə xəbərdarlıq edildiyini deyiblər.
Obyektləri sökülməyən satıcılar isə fəaliyyətlərinin qanuni olduğu üçün onlara toxunan olmadığını qeyd ediblər.
“Burada qanuni obyektlər fəaliyyət göstərir. Ona görə də, bu obyektləri sökməyiblər. Sökülmə barədə də heç bir söz deyilməyib. Söküntü yalnız qanunsuz işləyənlərə aiddir”, - deyə satıcılar bildiriblər.
Qeyd edək ki, obyektlərin sökülməsindən təşvişə düşən satıcıların çoxu malların qiymətini aşağı salıblar. Adi günlərə nisbətən keçiddə alıcıların da fəallığı müşahidə olunurdu.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, əslində “20 yanvar” stansiyasındakı keçidin onlara heç bir aidiyyatı yoxdur. "Sahibkarların dediyi kimi metroda ticarətlə məşğul olan sahibkarların metropolitenlə heç bir müqaviləsi də yoxdur. Sadəcə metronun giriş-çıxışlarındakı ticarət obyektləri ləğv olunur. Lakin digər obyektlərin sökülməsilə bağlı hələlik heç bir məlumat yoxdur”.
Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, həmin keçidə Nəqliyyat Nazirliyi nəzarət edir. Bu səbəbən də, orada ticarət məsələləri də onların ixtiyarındadır. Nəqliyyat Nazirliyindən isə məsələ ilə bağlı heç bir məlumat verilməyib.
///anspress


