Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.
AZXEBER.COM portalı festivalda “Həqiqət axtarışında” adlı pyesin rejissoru kimi iştirak edən Sabir Məmmədovun müsahibəsini təqdim edir.
Necə oldu ki, bu festivala qatılmağı qərara aldınız?
Mən festival haqqında məlumatı "Facebook"dan aldım. Ssenarini yazmalıydıq və səhnələşdirməliydik. Açığı, bir az gec idi, çatdırmayacağam deyə qatıla bilməyəcəyimi düşünürdüm. Sonra ssenarilərin hazır olduğunu, onları səhnələşdirmək üçün rejissor lazım olduğunu öyrəndim və layihəyə qatılmaq qərarına gəldim.
Sizin üçün vətənpərvərlik nə deməkdir?
Bu layihəyə qatılmağa təklif alanda əvvəlcə düşündüm ki, vətənpərvərlik mənim üçün nə deməkdir? Vətən nə deməkdir? Əvvəl bunun cavabını axtardım. Vətən mənim üçün sevdiklərimin olduğu yerdir, torpaqdır. Mən əgər vətən üçün nəsə edirəmsə, bunu dostlarım üçün, ailəm üçün, sevdiklərim üçün edirəm. Vətənimi qoruyuramsa, anamı, bacımı, qohumlarımı qoruyuram, deyə düşünürəm. Yəni vətənpərvərlik anlayışı mənim üçün sırf müharibə demək deyil. Adicə bir ağac əkmək belə mənim fikrimcə vətənpərvərlik göstəricidir.
Sırf vətənpərvərliyə həsr olunmuş festivala qatılmağa sizi nə cəlb etdi?
Bu festival bir neçə imkan verir insana. Əvvəla, burada ad qazanmaq da, pul məsələsi də, digər gənclərin gücünü görmək var. Lakin ən əsas məsələ təcrübədir. Bu festivalda keçəcəyim yol, qazanacağım təcrübə mənim üçün hər şeydən əsasdır. Qalib olsam da, olmasam da o yolu keçmək, bunu bacarmaq, təcrübə qazanmaq əsasdır. İkincisi, burada öz sözünü demək imkanı var. Mən öz fikrimi ifadə edə biləcəyəm, mənim nə demək istədiyimi insanlara anlada biləcəyəm.
Əvvəldə qeyd etdiniz ki, “Festivala təklif alandan sonra düşündüm ki, mənim üçün vətən, vətənpərvərlik nədir?”. Bu günə kimi bu haqda düşünməmişdiniz?
Məktəbdə, ailədə, universitetde bu haqda söhbətlər olurdu və belə bir fikir şüuraltı varidi beynimdə. TV-də, radioda hər zaman bu haqda danışılırdı. Ümumi mənada bir fikir formalaşmışdı məndə. Amma konkret olaraq yox. Festival haqda təklif alanda isə bu haqda geniş düşünməyə başladım. Ümumiyyətlə, mənim fikrimcə, vətənpərvərlik insanlar üçün nə isə etməkdir.
Əgər vətənpərvərlik insanlar üçün nə isə etməkdirsə, siz bu günə kimi insanlar üçün nə etmisiniz?
Açığını desəm, eləməmişəm. 20 yaşım var, hələ bu günə kimi vətənim üçün heç nə etməmişəm. Bir borcum var vətənimə, əsgər getmək. Universiteti bitirəndən sonra əsgər gedəcəm və borcumu da vermiş olacağam. O da oğlanlar üçün məcburi olan borcdur. Sizin üçün əsgər getmək məcburiyyətdir? Yaxud bunu istəyirsiniz?
Bu hamıya aiddir. İstəsən də , istəməsən də bunu etmək məcburiyyətindəsən. Əgər mən sevdiklərimi, yaxınlarımı qorumaq üçün gedirəmsə, sevə-sevə gedirəm. Amma bu, konkret bir prosesdir ki, hamımız keçməliyik, mən bunu məcburiyət kimi qəbul edirəm.
Ssenari ilə tanışsınız və ssenari müəllifi ilə görüşünüz keçirilib. Ssenari haqda nə düşünürsünüz?
Ssenari ilə tanış oldum. Əgər ssenari məndə işləmək üçün bir ideya yaradırsa, təkan verirsə, demək, yaxşıdır. Ssenari məndə yeni ideyalar yaratdı. Yaxşı haldır.
Son olaraq festival haqqında nə demək istəyiriniz?
Qalib olmaq istəyirəm, amma qalib olsam da, olmasam da əsas odur ki, təcrübə qazanmış olacağam, bu yolu keçmiş olacağam. Bu da gələcəkdə mənim üçün müsbət haldır.
Ülkər Eldarqızı