Yalnız illüzionist bu qədər insanı maymaq edib, hər şeyi lentə ala bilərdi. Və ancaq illüzionist elə edə bilərdi ki, özü rüşvətxor, fırıldaqçı ola-ola, rüşvətxor və fırıldaqçıları ifşa etsin, bununla belə, çoxu ona “molodes” desin.
Elşad Abdullayevin yaydığı videolar onu gündəmin “qəhrəman”ına çevirsə də, gerçək reallıq ondan ibarətdir ki, onun özünüifşası belə müxalif düşərgə üçün göydəndüşmə fürsətə çevrilib. Əslində təəccüblənməyə də dəyməz. Bütün sosial dayaqlardan məhrum, azsaylı elektoratının belə arzularını “suya düşürən” radikallar bəlkə də, bu yolla zühr edəcəyinə inam bəsləyirlər.
Elşad Abdullayev bəyan edir ki, o, öz qardaşının taleyinə görə, bu “mübarizə”yə girişib və heç bir siyasi marağı yoxdur. Onun sözçüsü, hakimiyyətdən itirdiklərini geri istəyən və bu səbəbdən bir neçə dəfə internet üzərindən aksiyası süquta uğrayan Elnur Məcidli isə anons verir ki, əsas videolar seçki öncəsi yayılacaq. Əgər Elşad Abdullayevin həqiqətən siyasi iddiaları yoxdursa, o zaman niyə məhz seçkilər? Bütün bunlar bir daha əlahəzrət faktın təsdiqi rolunda çıxış edir ki, Elşad Abdullayev əslində siyasi dairələrin marağına xidmət edir ki, bunun da Azərbaycana qarşı qərəzli, Ermənista qarşı isə “isti qucaq” açan Fransa olduğuna şübhə yeri qalmır. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) qanunsuz tələbə qəbulu üzrə bütün tədris illərinin “lideri” olması, E.Abdullayevin BDU-dan başlanan rüşvətxorluq mərəzinin günü-gündən çiçəklənməsi qalsın bir yana, təkcə onun videoları rüşvət vermək ittihamı ilə haqqında cinayət işinin açılması üçün yetərlidir. Yəqin ki, bu bizim yox, hüquq-mühafizə orqanlarının işidir.
Son günlər isə “əsərin qəhrəman”ı Elşad Abdullayevin adından müxtəlif “videolar yayılmağa” başlayıb. Kimin sözü bir-biri ilə çəp gəlirsə, dərhal ictimai rəyə təsir rıçaqlarını işə salıb, başlayır onu Elşad Abdullayevin videoları ilə təhdid etməyə. Dərhal ictimaiyyət “duyuq düşür” ki, sən demə filankəsində Elşad Abdullayevdə videosu var və yaxın zamanlarda yayılacaq. Misal üçün bu günlərdə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla bağlı videoların da yayılacağı xəbəri yayıldı. Üstündən bir gün keçmədi ki, Elşad Abdullayevin özü bu informasiyanı təkzib etdi.
Mənim Elşad Abdullayevə videolarla bağlı təkliflərimlərim var. Elşad müəllim, (baxmayaraq ki, o, ümumiyyətlə pedaqoqa yaraşmayan hərəkətlərə yol verir) bəlkə, Əli Kərimlinin hakimiyyətə yarınması və ikiüzlülüyü fonunda təmsil olunduğu partiyasının bütövlükdə ondan imtinası, İsa Qəmbərin dörd mandata görə iqtidara sıcaq münasibəti, Eldar Namazovun mədhiyyəçiliyi və ikiqat əyilmə sindormu, Lalə Şövkətin “Kişi (ulu öndər Heydər Əliyev nəzərdə tutulur) səhərə qədər yatmır, vicdanınız olsun” məşhur açıqlaması haqqında da video yayasınız. Elə uzağa getməyin, köməkçiniz Elnur Məcidlinin “AZTV”, “Lider” kanllarında müxalifəti aşağılyan fikirləri barədə də video çəkə bilərsiniz. Yəqin ki, onun da videoları sizdə olmamış deyil, axı siz ehtiyatı əldən verən deyilsiniz.
Hər halda fikirləşməyə dəyər…
Azər Niftiyev, Editor.az