Ötən gecə Bakının Xətai rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Gəncə prospekti ilə Zığ dairəsi istiqamətində hərəkət edən “Lada 2109” markalı avtomobil “Vaz 2107” markalı minik maşını ilə toqquşub. İlkin məlumata görə, qəza “Lada” sürücüsünün anidən idarəetməni itirərək qarşıdan gələn “Jiquli”nin yoluna çıxması səbəbindən meydana gəlib. Nəticədə elə həmin avtomaşında olan bir sərnişin hadisə yerində dünyasını dəyişib. Avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yol qəzasının təfərrüatlarını Xətai rayon polis idarəsinin əməkdaşları araşdırır. İlkin versiya olaraq avtoqəzaya “Lada”nın yüksək sürətlə idarə edilməsi əsas gətirilsə də, polis, gecə saatlarından başlayan yağışın da qəzaya şərait yaratdığını vurğuladı.
Qeyd edək ki, toqquşmadan sonra “Vaz 2109” markalı avtomaşının aşaraq bir neçə dəfə fırlandığını görənlər də olub.
Faktla bağlı idarənin istintaq şöbəsində başlanılmış araşdırmalar davam edir. Qəzada dünyasını dəyişən şəxsin kimliyi isə hələlik müəyyən edilməyib.