Son bir-iki ildə Ermənistanı təqribən 250 min erməni tərk edib – bu, hakimiyyətdə duran iki silahlı cinayətkarın həyata keçirdiyi soyqırımdır. ANS PRESS-in “Armenia Today”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin rəhbəri Aram Manukyan Erməni Milli Konqresinin ölkənin “Azadlıq” meydanında keçirdiyi mitinq zamanı bəyan edib.
Onun sözlərinə görə, hazırda hakimiyyət təşkilati şəkildə Ermənistan vətəndaşlarını ölkədən “ixrac” edir. Fermerlərin 1/3 hissəsi ölkəni tərk edib, bir qayda olaraq 160 təsərrüfat sahəsi artıq mövcud deyil.
“Gümridə insanlar möhlətlə aviabiletlər alır, turizm şirkətləri insanları xaricə göndərir, lakin onlar bir daha geri qayıtmırlar. Hakimiyyət bunu çox gözəl bilir, onlar özləri bunu təşkil edirlər. Müxtəlif xarici ali təhsil müəssisələri ilə müqavilələr bağlanır və hərbi çağırış həddində olan gənclər xaricə göndərilir və orduda xidmət etməkdən məhrum edilirlər”, - deyə Manukyan bildirib.
O hesab edir ki, hakimiyyətin son məqsədi – ermənilərsiz Ermənistandır.