Azxeber.com portalı "Olaylar" agentliyinə istinadən bildirir ki, yeni sənədlərdə Fransa və Amerika arasında erməni-türk münasibətləri və Qarabağ münaqişəsinə dair danışıqların təfərrüatları yer alıb. Türkiyənin "Ankara" agentliyinin verdiyi məlumata görə, sənədlərin birində Fransa prezidentinin xarici siyasət məsələlərinə dair müşaviri Jan-David Levitin ABŞ-ın Dövlət Departamentinin rəsmisi Filipp Qordonla görüşünün mətni əks olunub.
Levit bildirir ki, onlar erməni-türk münasibətləri və Qarabağ münaqişəsinin nizama salınması məsələsində irəliləyişlər üçün tarixi səbəb görürlər. Lakin hər iki proses bir-birindən asılı deyil. Qordonun fikrincə isə, erməni-türk münasibətlərində irəliləyişi Qarabağ münaqişəsinin nizama salınması məsələsində dönüş olmadan gözləmək düzgün deyil. Qordon hesab edir ki, ermənilər bunu dərk edir, lakin qəbul etmək istəmir. Levit məsələni Korfu adasında nazirlər səviyyəsində keçirilən qeyri-rəsmi görüşdə Fransa və ABŞ-ın müzakirə etməsini təklif edir.