"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA

"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
SOSİAL
13:10 10.07.2026
1302
Bakıda 13 nömrəli "BakuBus” marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.

Hadisə iyulun 9-da saat 16:31-də Akademik Həsən Əliyev küçəsində, metronun "Koroğlu" stansiyası istiqamətində baş verib.

Belə ki, dayanacaqda sərnişinlərdən biri səhvən "Stop" düyməsini basıb. Bundan sonra sürücü avtobusu saxlayaraq qapıları bağlayıb, nəqliyyat vasitəsindən düşüb və yolun kənarında siqaret çəkməyə başlayıb.

"BakuBus” MMC-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ tərəfimizdən araşdırılıb:

""BakuBus” MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində 9 iyul 2026-cı il tarixində saat 16:30 radələrində Koroğlu Rəhimov küçəsində sürücü ilə sərnişin arasında baş vermiş insident tərəfimizdən araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub”.

Qurumdan qeyd olunub ki, baş verən insidentlə əlaqədar sürücünün izahatı alınıb:

"Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb”.

""BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək”,-deyə qurumdan bildirilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR