Metrodan istifadə edənlərə ŞAD XƏBƏR

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
SOSİAL
21:07 05.08.2026
341
Bakı metrosunda həyata keçirilən layihələr tamamlandıqdan sonra qatarlararası interval 3 dəqiqə 30 saniyədən 2 dəqiqəyə enəcək, bu isə sərnişin sıxlığının və tıxacların azalmasına imkan yaradacaq.

AZXEBER.COM xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, xətlərin ayrılması nəticəsində hər bir xətt müstəqil fəaliyyət göstərəcək və birində yaranan nasazlıq digər xətlərin işinə təsir göstərməyəcək.

Bəxtiyar Məmmədov bildirib ki, dövlət proqramı çərçivəsində inşa ediləcək 10 yeni metro stansiyası sərnişindaşıma imkanlarını genişləndirəcək, şəhər mərkəzinə yönələn nəqliyyat yükünü azaldacaq, mobilliyi artıracaq və tıxacların azalmasına töhfə verəcək.

O qeyd edib ki, layihə həmçinin "28 May" - "Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının qarşısını alacaq. Hazırda bəzi sərnişinlər istədikləri marşrut üçün bir qatarı ötürməyə məcbur qalırlar, lakin yenilikdən sonra ilk gələn qatarla rahat şəkildə mənzil başına çata biləcəklər.

Bəxtiyar Məmmədov əlavə edib ki, layihə metropolitenin sərnişindaşıma imkanlarını və hərəkətin təhlükəsizliyini artırmaqla yanaşı, avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, şəhərdə ictimai nəqliyyatın daha səmərəli fəaliyyətinə şərait yaradacaq.
OXŞAR XƏBƏRLƏR