Özünü oğlunun bələk ipi ilə asan ananın həyat dramı
Bütün Xəbərlər
11:00 08.05.2011
2151
Belə ki, rayon ərazisində yeni tikilmiş evlərin birində yaşayan Ağsu rayonu Ərəbmehdibəyli kənd sakini, 1988-ci il təvəllüdlü Bayramova Zəmirə Hicran qızı hamamda intihar edib.
İntihar edən 23 yaşlı qadının həyat yoldaşı 30 yaşlı Teymuraz Bayramov hadisə barədə “Yeni Müsavat”a danışıb. Xatırladaq ki, hadisədən bir gün sonra intihar baş verən ünvana yollanıb, qonşuları danışdırmışdıq. Həmin vaxt ev sahibləri rayonda dəfn mərasimində olduqları üçün onların fikirlərini öyrənə bilməmişdik.
4 illik ailə həyatı və 2 övlad
Zəmirə əslən Ağsu rayonundan, Teymuraz isə gürcüstanlıdır. Onlar həm də bir-biri ilə qohumdur. 2008-ci ildə el adəti ilə Zəmirə ilə Teymuraz ailə həyatı qurular. Zəmirənin qayınatası Vaqif bəy deyir ki, gəlininə onun ürəyi istədiyi kimi toy edib: “Ağsuda ona qız toyu etdim, sonra Bakıda onların oğlan toyu oldu. 3 il hamımız bir yerdə yaşadıq. Bir il idi ki, onlara ayrı ev tikdirib verdim ki, xoşbəxt yaşasınlar”. Teymurazla Zəmirənin 2 uşağı da var. 3 yaşlı qızı Nərminə və 9 aylıq körpə oğlu Nihad. Teymuraz danışır: “Mən fəhlə işləyirdim. Yoldaşım isə evdar qadın idi, uşaqlarıma baxırdı. Heç vaxt mübahisəmiz olmazdı. Kim deyirsə ki bizim aramızda dava olub, bu, yalandı. Bir-birimizi çox istəyirdik. Hadisə baş verən gün həmişəki kimi mən səhər çay-çörək yeyib işə getdim. Zəmirə özünü çox yaxşı aparırdı. Heç vaxt hansısa problemi barədə mənə danışmamışdı. Həmin gün də məni yola salıb evə qayıtdı”.
Bu sözləri deyən Teymuraz gözləri dolmuş halda danışır ki, heç vaxt ağlına gəlməzdi ki, həyat yoldaşı intihar edər: “Axşam saat 21:00 radələrində evə gəldim. Qapı açıq idi. Gördüm ki, uşaqların ikisi də evdə oturub ağlayır. Mən Zəmirəni çağırdım. Səs çıxmadı. Ora-bura baxdım. Heç yerdə yox idi. Ümid etdim ki, yəqin hamamda yuyunur. Tələsik hamamın qapısını açdım. Gözlərimə inana bilmədim. Donub yerimdə qalmışdım. Çığırdım və onu qucağıma aldım”.
Teymurazın çığırtısına qonşular gəlir. Zəmirə özünü oğlunu bələdiyi iplə asıbmış. İpi hamamın borusuna bağlayıb, bir ucunu da boğazına keçirib. Qonşulardan biri belə deyir: “Mən ipi kəsəndə əlimi də kəsmişdim. Həmin boru çürük idi. Ancaq ağır çəkili qadını necə asılı vəziyyətdə saxlayıb, bizə hələ də təəccüblü gəlir. Həmin ipi polis əməkdaşları gəlib apardılar”. Həyat yoldaşı Teymuraz: “Mən Zəmirəni tutanda onun nəbzi vururdu. Ona nəfəs verdim. Qonşular həmin dəqiqə təcili tibbi yardım çağırdı. Ancaq həkimlər 2 saat sonra gəldilər. Həkimlər gələndə artıq gec idi. Zəmirə ölmüşdü”. Teymuraz deyir ki, bir müddət əvvəl Zəmirə intihar etmək istəyib, amma mümkün olmayıb: “Çoxlu dərman qəbul etmişdi. Ancaq onda həkimlərin köməyi ilə sağ qalmışdı. Kaş indi də sağ olaydı. Uşaqlarım yetim qaldı. Mən indi çox pis vəziyyətdəyəm. Özümü ələ ala bilmirəm. Bilmirəm ki, özümün və uşaqlarımın bundan sonrakı həyatı necə olacaq”. Onun qayınatası Vaqif bəy deyir ki, Zəmirənin əsəb xəstəliyi var imiş: “Ancaq biz bu barədə əvvəllər bilmirdik. Sonradan bildik. Çox yaxşı gəlin idi. Ondan heç bir şikayətimiz yox idi. Təmizkar, qoçaq və ağıllı. Onun da qisməti bura kimi imiş. Daha nə etmək olar?!”
Zəmirənin cəsədi ata evinə - Ağsuya aparılıb. Elə oradakı qəbiristanlıqda dəfn edilib. İndi onun iki körpə uşağı qayınatasıgildədir. Onlar dörd divar arasında anasız oturub onun yolunu gözləyirlər. Analı böyümək hər bir uşağın haqqıdır. Ancaq fələk bu haqqı onların əlindən aldı...