Dekabrın 24-də “Azadlıq» qəzetinin ilk sayının işıq üzü görməsinin 22 ili tamam olub.İlk sayı 1989-cu ildə 200 min tirajla çıxan qəzet indiyədək çoxlu məşhur yazar yola salıb... Nəcəf Nəcəfov, Sabit Bağırov, Hikmət Hacızadə, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı, Ədalət Tahirzadə, Vaqif Səmədoğlu, Gündüz Tahirli, Afaq Vasifqızı və s.1989-cu ilin son və 1990-cı ilin ilk günlərində qəzetin ikisi rusca olmaqla 6 sayı işıq üzü görüb. 20 Yanvar hadisələrindən sonra «Azadlıq»ı bir də 1990-nın avqust ayında bərpa etmək mümkün olub. 1991-ci ilin payızına qədər qəzetə N.Nəcəfov rəhbərlik edib.1991-1994-cü illərdə baş redaktor Qənimət Zahid olub. 1994-cü ildən 2001-ci ilədək “Azadlıq”a Gündüz Tahirli, 2001-ci ildən 2003-cü ilədək Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildə isə Qənimət Zahid yenidən baş redaktor postuna qaytarılıb.Azərbaycan qəzetçiliyində bir çox ənənələr məhz «Azadlıq»a aiddir. Məsələn A:3 formatlı qəzetlərə 6 sütunluğu “Azadlıq” gətirib. Azərbaycanda ilk dəfə olaraq məhz bu qəzetin materialları kompüterdə yığılmağa başlayıb.