Həmin məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ

Həmin məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
SOSİAL
16:34 28.10.2026
144
Bakının 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən faciəvi hadisədən sonra təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər cəlb edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olublar.

Məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər cəlb edilib.

Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb və onlara zəruri psixoloji yardım göstərilib.

BŞTİ-dən qeyd olunub ki, hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə müvafiq qaydada məlumat veriləcək.

İdarə həmçinin bu kimi həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, uşaqların anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalı, şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək davranışlara yol verilməməlidir.

Xatırladaq ki, oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi məktəbin dördüncü mərtəbəsinin pəncərəsindən yıxılaraq həyatını itirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR