“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib

“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib
SOSİAL
16:41 28.10.2026
110
Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusuna həsr olunmuş sessiya keçirilib.

AZXEBER.COM xəbər verir ki, sessiyanın açılış hissəsində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, müasir dövrdə qlobal problemlərin həlli cəmiyyətdə hansı tip insanın formalaşmasından çox asılıdır. Onun sözlərinə görə, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün zəruri olan milli və bəşəri dəyərlər cəmiyyətə yalnız təhsil vasitəsilə aşılanır.

Nazir müavini müasir dövrdə qlobal problemlərin həllində təhsilin və yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşdırılmasının mühüm rol oynadığını vurğulayıb. O, texnoloji inkişafın, rəqəmsallaşmanın və süni intellektin insanların həyat və düşüncə tərzini dəyişdirdiyini, xüsusilə gənclər üçün yeni imkanlar yaratdığını qeyd edib.

Firudin Qurbanov süni intellektin müxtəlif mədəniyyətlərin tanınması, mədəniyyətlərarası ünsiyyətin inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bu sahədə tədqiqatların aparılmasının, elm və təhsil yanaşmalarının inteqrasiyasının vacibliyini vurğulayıb.

Nazir müavini, həmçinin "Dialoq – elm – təhsil” vəhdətinin sülh təşəbbüslərinin real sosial layihələrə çevrilməsinə, cəmiyyətdə qarşılıqlı hörmətin və davamlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Çıxış edən Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansouri müasir dünyada ekstremizm, populizm, irqçilik və ayrı-seçkilik kimi çağırışların aradan qaldırılmasında təhsilin mühüm rolunu vurğulayıb. O, mədəni müxtəlifliyin daha çox müşahidə olunduğu müasir cəmiyyətdə şagirdlərin hazırlanmasının, müəllimlərin pedaqoji yanaşmalarının təkmilləşdirilməsinin və təhsil məzmununun yenilənməsinin vacibliyini qeyd edib.

Professor qarşılıqlı etimadın, ictimai həmrəyliyin və ədalətin sosial inkişaf, sülh və fikir ayrılıqlarının dinc yolla həlli baxımından əhəmiyyətinə diqqət çəkib. Həmçinin süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlardan istifadə etməklə təhsillə cəmiyyətin ehtiyacları arasında əlaqənin gücləndirilməsinin vacibliyini bildirib.

Daha sonra ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə ilk panel keçirilib.

Panel çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla "Mədəniyyətlərarası ünsiyyət təhsilin inkişaf faktorlarından biri kimi” mövzusunda çıxış edib. O, multikulturalizmin Azərbaycan xalqının tarixində, mədəniyyətində və ədəbiyyatında dərin köklərə malik olduğunu bildirib. Fərqli mədəniyyətlərə hörmət və onların qəbul edilməsi ənənəsinin xalqımızın mənəvi dəyərlərində öz əksini tapdığını vurğulayıb. Rektor Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə tanındığını, müxtəlif xalqlar, gənclər və elm adamları arasında əlaqələrin inkişafına, mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət etdiyini qeyd edib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə "Milli mədəniyyətdən qlobal sinerjiyə: mədəniyyətlərarası dialoqun yeni paradiqmaları” mövzusunda çıxışında ənənəvi musiqi irsinin rəqəmsal arxivləşdirilməsi, elmi tədqiqi və beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, milli musiqi ənənələrinin özünəməxsus xüsusiyyətləri qorunmaqla beynəlxalq auditoriyaya çatdırılmasının vacibliyini qeyd edib.

Rektor muğamın beynəlxalq səviyyədə araşdırılmasında elmi əməkdaşlığın roluna toxunaraq birgə tədqiqat və yaradıcılıq layihələrinin inkişaf etdirilməsinin, beynəlxalq əməkdaşlığın ali musiqi təhsilinə inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin milli musiqi irsinin qorunması ilə onun müasir incəsənət istiqamətləri ilə əlaqələndirilməsinin bir-birini tamamlamalı olduğunu bildirib.

Fransanın Lion Katolik Universitetinin beynəlxalq hüquq professoru Roje Kude "Yaddaş, mədəniyyətlər və mədəniyyətlərarası əlaqələr” mövzusunda çıxışında mədəni müxtəlifliyə hörmətin beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquqlarının təşviqində və cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsində əhəmiyyətini vurğulayıb. O, mədəniyyətlərarası dialoqun sülhə, sabitliyə və beynəlxalq təhlükəsizliyə real töhfə verməsi üçün praktik mexanizmlərin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Professor, həmçinin hər bir mədəniyyətin bəşəriyyətin ümumi irsinə töhfə verdiyini bildirərək, dünya mədəniyyətləri arasında bərabərhüquqlu əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Sessiyanın ikinci hissəsində Avstraliyanın Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri, professor Fateh Mansourinin moderatorluğu ilə panel müzakirəsi keçirilib.

Panel müzakirəsində  Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov iştirak ediblər.

"Ümumi təhsilin dövlət standartlarının yenilənməsi və burada dialoq və rəqəmsal vətəndaşlıq səriştələri” mövzusunda təqdimatla çıxış edən Elnur Əliyev hazırlanmaqda olan yeni təhsil standartlarında müəllim və şagirdlərin rəqəmsal bacarıqlarının, süni intellekt və media savadlılığının inkişafına xüsusi diqqət yetirildiyini bildirib. O, şagirdlərdə rəqəmsal vətəndaşlıq, mədəniyyətlərarası dialoq, fərqli fikirlərə hörmətlə yanaşmaq, öz mövqeyini əsaslandırmaq və məlumatları tənqidi qiymətləndirmək kimi səriştələrin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Elnur Əliyev, həmçinin müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblərin müəyyənləşdirilməsinin və mədəniyyətlərarası dialoq səriştələrinin qiymətləndirilməsi üçün müvafiq vasitələrin hazırlanmasının əhəmiyyətini qeyd edib. PISA 2029 beynəlxalq qiymətləndirməsinin şagirdlərin media və süni intellekt savadlılığının müəyyənləşdirilməsi, eləcə də təhsil standartlarının təkmilləşdirilməsi baxımından imkanlar yaradacağını diqqətə çatdırıb.

"Süni intellekt dövründə mədəni suverenlik: gələcək nəsli kimin dəyərləri formalaşdıracaq?” mövzusunda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli süni intellektin gənclərin düşüncə tərzinə, dünyagörüşünə və milli-mədəni dəyərlərinə təsirinə diqqət çəkib. O, süni intellektin gündəlik həyatın bir hissəsinə çevrildiyini və gənclər üçün yeni informasiya mənbəyi kimi çıxış etdiyini bildirərək, təqdim olunan məlumat və tövsiyələrin onların dəyərlərinin formalaşmasına təsirinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Nicat Məmmədli müxtəlif süni intellekt modellərinin eyni suallara verdiyi cavabların mədəni yanaşmalar baxımından fərqlənə bildiyini qeyd edərək, bu istiqamətdə müqayisəli tədqiqatların aparılmasını və xüsusi qiymətləndirmə mexanizmlərinin yaradılmasını təklif edib. O, əsas məqsədin müəyyən bir mədəni yanaşmanı mütləq doğru hesab etmək deyil, gənclərin süni intellektdən istifadə zamanı müstəqil düşünmək, məlumatları tənqidi qiymətləndirmək və milli-mədəni dəyərlərini qorumaq bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib.

"İncəsənət təhsili rəqəmsal dövrdə: yaradıcılığın inkişafı və mədəniyyətlərin yaxınlaşdırılması” mövzusunda çıxış edən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov işğaldan azad edilmiş ərazilərdə mədəniyyət və təhsil həyatının yenidən qurulmasının, incəsənət təhsili müəssisələrinin bərpası və inkişafının əhəmiyyətini vurğulayıb. O, doğma yurdlarına qayıdan uşaqların sosial və mədəni həyata inteqrasiyasında yaradıcılıq imkanlarının yaradılmasının, musiqi təhsilinin onların özünəinamının və mənsubiyyət hissinin gücləndirilməsində rolunun vacibliyini qeyd edib.

Cəsarət Valehov, həmçinin rəqəmsal texnologiyaların bölgələr arasında təhsil əlaqələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını bildirib. Bu istiqamətdə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. 

Çıxışlardan sonra sessiya öz işini yekunlaşdırıb.


OXŞAR XƏBƏRLƏR