Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Heydər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin - 2000-ci il təvəllüdlü, Beyləqan rayon sakini Yusif Cabir oğlu Yusifli hadisə yerində ölüb. Sürücü, 2004-cü il təvəllüdlü Heydər Telman oğlu İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İttihama görə, hadisə axşam saatlarında baş verib. Yusif Yusifli dostları ilə birlikdə Bakıdan Qubaya istirahətə gedib. Onlar axşam saatlarında yeyib-içdikdən sonra Yusif Heydərlə birlikdə Quba şəhərində gəzməyə yollanıb. İddialara görə, spirtli içki qəbul etmiş dostlar şəhər mərkəzində qəzaya uğrayıblar.











































