Abbasov Konstantinə otaqdakı zibili aparıb atmasını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon sakini İsmayıl Abbasovun (1989-cu il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.AZXEBER.COM xəbər verir ki, ötən il iyulun 14-ü saat 15.30 radələrindəNəsimi rayonu ərazisində fəaliyyət göstərən “28 Mall” ticarət mərkəzində mühafizəçi İsmayıl Abbasov iş yoldaşı, şəhər sakini 31 yaşlı Konstantin Dudkinə bıçaqla xəsarət yetirib. Ciddi xəsarət alan sonuncu az sonra Kliniki tibbi mərkəzə çatdırılıb və ona həkimlər tərəfindən tibbi yardım göstərilib, Abbasovu isə Nəsimi RPİ22-ci polis bölməsinin əməkdaşları saxlayıblar. Dindirmə zamanı İsmayıl həmkarını zarafatlaşarkən təsadüfən vurduğunu bildirib.
Məhkəmə prosesində ittiham üzrə özünü təqsirli hesab edən İsmayıl Abbasov ifadəsində, hadisənin zarafat üstündə baş verdiyini göstərib. Belə ki, o Konstantinə otaqdakı zibili aparıb atmasını deyib, sonuncu qabdakı zibili götürüb oynaya-oynaya üzərinə gəldikdə isə İsmayıl onu zarafatyanı bıçaqla vuracağını deyib. Necə olubsa kəsici alət onun böyrünə girib, əvvəlcə xəsarətin ciddi olmadığını düşünüblər. Abbasov baş verən hadisənin nəzarət kameralarına düşdüyünü də qeyd edib. Sonra Konstantinə yardım etmək məqsədi ilə onu kamera olan otağa aparıblar, yarasına bint sarısalar da qan kəsilməyib. Buna görə təcili yardıma zəng vurub, Dudkin xəstəxanaya aparılandan bir az sonra arxasınca polislər gəlib.
Məhkəmənin hökmü ilə İ.Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.