Almaniyanın Drezden şəhərində ənənəvi Milad kökəsi ilə bağlı festival keçirilib. 19-cu Drezden Stollen Kökəsi Festivalında ağırlığı 3 ton olan nəhəng stollen kökəsi hazırlanıb. Stollen kökəsinin hazırlanmasına iyirmi şirniyyat ustası 3 saata yaxın vaxt sərf edib. Ümumilikdə kökəyə 2,3 milyon dənə kişmiş, 440 kiloqram yağ, 125 kiloqram şəkər tozu, 880 kiloqram un, 175 kiloqram limon və portağal qabığı, bir çəllək Yamayka romu qatılıb.Bu il ənənəvi şirniyyatın uzunluğu 3,64 metr, eni 1,75 metr, hündürlüyü isə 98 santimetr olub. Kökənin dadına baxmaq istəyən festival iştirakçıları uzun növbələrə durublar. Doğranan kökənin bir dilimi 4 avroya satılıb və toplanan gəlir xeyriyyə məqsədilə istifadə edilib.Qeyd edək ki, 2000-ci ildə Drezden şəhərinin şirniyyat ustaları 4,2 ton ağırlığında nəhəng stollen kökəsi hazırlamaqla Ginnes Rekordlar Kitabına düşmüşdülər.