30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
SİYASƏT
16:31 18.09.2026
111
30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizənin tarixidir. 

Qarabağ və ətraf rayonların işğalı ilə başlayan proses illərlə davam etdi. Bu tarixdə işğalın ağrısı, yurd həsrəti, itkilərin acısı var.  Amma illər keçsə də, bir şey dəyişmədi: Qarabağa qayıtmaq arzusu. Bu arzu nəsildən-nəslə ötürüldü, yaddaşlarda yaşadı və nəhayət, uzun illər sonra gerçəyə çevrildi.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal olundu. Şəhərlərimiz, kəndlərimiz dağıdıldı, yüz minlərlə insan evindən didərgin düşdü. Xocalıda törədilən qətliam isə yaddaşımızda ən ağır və ağrılı səhifələrdən birini yazdı.

İşğal illərində Azərbaycan öz torpaqlarının azad olunması üçün həm diplomatik müstəvidə, həm də beynəlxalq platformalarda mübarizə apardı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Ancaq illər keçdi, qətnamələr dəyişmədi, torpaqlar isə işğalda qaldı.
ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da uzun illər davam etsə də, nəticədə münaqişəyə son qoyulmadı. Azərbaycan sülh danışıqlarını davam etdirdi, amma işğalın yaratdığı vəziyyət dəyişmirdi.

2018-ci ildə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə danışıqlar prosesində yeni mərhələ başladı. Sonrakı dövrdə Ermənistan rəhbərliyindən səslənən bəzi fikirlər isə tərəflər arasındakı münasibətləri daha da gərginləşdirdi. 2019-cu ilin avqustunda Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır - nöqtə” ifadəsi də həmin dövrün yadda qalan hadisələrindən biri oldu. Prezident İlham Əliyevin cavabı isə qısa və aydın idi: "Qarabağ Azərbaycandır - nida işarəsi”. Bəzən bir cümlə uzun bir mübahisədən daha çox şey deyir. Həmin iki ifadə də tərəflərin mövqeyini açıq şəkildə ortaya qoydu.

Ardınca hərbi ritorika gücləndi. Ermənistanın müdafiə naziri Davit Tonoyanın 2019-cu ildə səsləndirdiyi "yeni müharibə, yeni ərazilər” fikri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər vəziyyətin nə qədər gərgin olduğunu göstərirdi.

Sonra isə 27 sentyabr gəldi.

Azərbaycan Ordusunun başladığı Vətən müharibəsi 30 ilə yaxın davam edən işğal tarixinin ən böyük dönüş nöqtəsinə çevrildi. 44 gün ərzində illərlə həsrətində olduğumuz torpaqlar bir-bir azad edildi. Hər qələbə xəbəri evlərə sevinc gətirir, illərdir gözləyən insanların gözündə ümidləri yenidən alovlandırırdı.
Şuşanın azad edilməsi isə bu yolun ən yaddaqalan məqamlarından biri oldu.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla döyüşlər dayandırıldı. Lakin qarşıda hələ görüləsi işlər vardı. Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları, mina təhlükəsi və müxtəlif təxribatlarla bağlı məsələlər davam edirdi.

2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın Qarabağ üzərində suverenliyi tam bərpa edildi. Bununla 30 ildən artıq davam edən münaqişənin hərbi mərhələsi başa çatdı.

Amma Azərbaycanın Qarabağla bağlı hekayəsi burada bitmədi. Əksinə, ən böyük işlərdən biri məhz bundan sonra başladı.

Böyük Qayıdış.

Torpağı azad etmək qədər, onu yenidən yaşatmaq da böyük məsuliyyətdir. Bu gün Qarabağda gördüyümüz mənzərə illər əvvəl təsəvvür etmək belə çətin olan bir dəyişiklikdir. Bir vaxtlar xarabalıqların olduğu yerlərdə yeni evlər tikilir. Yollar salınır, məktəblər açılır, xəstəxanalar və yeni obyektlər yaradılır. İllərlə başqa şəhərlərdə yaşayan ailələr doğma kəndlərinə, şəhərlərinə qayıdır. Bir evin qapısı açılır, bir kənddə yenidən işıqlar yanır.

Əlbəttə, qarşıda görüləsi işlər hələ çoxdur. İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi, dağıdılmış infrastrukturun bərpası, tarixi və dini abidələrin yenidən qurulması uzun zaman və böyük resurs tələb edir. Azərbaycan isə bu işi öz imkanları hesabına həyata keçirir. 

Qarabağın dirçəlişi həm də tarixi yaddaşın bərpasıdır. İşğal illərində dağıdılmış məscidlərin, kilsələrin, türbələrin və digər tarixi abidələrin bərpası ilə yanaşı, Azərbaycanın maddi-mədəni irsinin qorunması istiqamətində də işlər görülür.
Bu gün Qarabağın mənzərəsi dəyişir.

Böyük Qayıdışın əsas mənası da məhz budur - insanı öz torpağına, torpağı isə yenidən həyata qaytarmaq.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir