İlham Əliyev: “Yumurtanın qiymətini şişirdənlər cinayət məsuliyyətinə cəlb olunacaq”
Bütün Xəbərlər
09:37 10.03.2011
1681
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə deyib. O, bu yaxınlarda yumurtanın qiymətinin kəskin şəkildə artdığını bildirib.
“Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır”, deyə dövlət başçısı bildirib.
İ.Əliyev buna dünyada “Kartel sövdələşməsi” deyildiyini qeyd edib. Onun sözlərinə görə, bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Prezident yumurtanın qiymətini süni şəkildə şişirdənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə dərhal göstəriş verdiyini deyib: “Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar”.
Dövlət başçısı ölkədə daima sahibkarlığı dəstəklədiyini də xüsusi vurğulayıb: “Biz sahibkarlığı dəstəkləyirik. Mən dəfələrlə demişəm ki, sahibkarlıq inkişaf etməlidir. Nə qədər kreditlər verilib. Dövlət kreditlər verməsəydi, onlar o pulu haradan götürüb fermaları tikə bilərdilər? Dövlət onlara dəstək olmasaydı, infrastruktur yaratmasaydı, elektrik xətləri çəkməsəydi, haradan bu sahibkarlıq inkişaf edə bilərdi? Mən nə qədər deyirəm ki, sahibkarlıq inkişaf etməlidir. Burada oturan icra başçılarına nə qədər deyirəm ki, əl dəyməyin bunlara, icazə verin işləsinlər, mane olmayın, kömək göstərin və bir çox hallarda biz bunu görürük. Yerli icra orqanları sahibkarlığın inkişafına dəstək verirlər. Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə deməkdir, niyə qiymətin süni şəkildə qaldırılması ilə məşğul olurlar?! Yumurta indi sadəcə bir məhsul növüdür, bayram ərəfəsində başqa sahələrdə də qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcəkdir. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaq. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Qiymət Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri əsasında tənzimlənir, ancaq biz də bilirik dünya qiymətləri nədir, Azərbaycanda qiymətlər necədir?!”
İlham Əliyev dünya bazarında neftin qiymətinin qalxmasının yerli məhsulların qiymətinə təsir etməməli olduğunu vurğulayıb.
“İndi dünyada neftin qiyməti bahalaşıb, şübhəsiz, idxal olunan məhsullara öz təsirini göstərəcək. Bəlkə dərhal olmayacaq, bu proses bir müddətdən sonra hiss ediləcəkdir. Bunu biz bir neçə il bundan əvvəl də görmüşük, neftin qiyməti qalxandan bir neçə ay sonra burada idxal olunan məhsulların qiyməti qalxdı. Ancaq yerli məhsulların qiyməti niyə qalxmalıdır? Biz özümüzü ətlə, meyvə-tərəvəzlə, başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da edirik. Nə üçün o qiymət qalxmalıdır? Kim bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki gec deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz çox güclü və təsirli olacaqdır”.