İlham Əliyev: "Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır"
Bütün Xəbərlər
12:36 23.06.2011
1399
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun “Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı” sessiyasında iştirak etmişlər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə ölkəmizlə bağlı təqdim edilən sərgi ilə tanış oldular.
Sərgidə Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri barədə ətraflı məlumat verildi. Burada ölkəmizdə enerji, turizm, mədəniyyət, infrastruktur sahələri barədə Forum iştirakçılarının diqqətinə zəngin məlumat çatdırılmaqla Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf dinamikası barədə də informasiyalar yer almışdır. Bu da Azərbaycan ilə tanışlıq, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat almaq üçün Forum iştirakçılarına geniş imkanlar yaratdı. Bir sözlə, Forumda Azərbaycana maraq kifayət qədər böyük oldu.
Sonra Forum öz işinə başladı. Mərasimi açan Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, o cümlədən digər qonaqları salamladı, tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verdi.
Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, enerji sektorunda əldə olunan uğurlar, sərmayə mühiti barədə danışdı. Bu sahədə Prezident İlham Əliyevin xidmətlərini xatırladı və Avropa üçün Azərbaycanın Asiyaya açılan qapı olduğunu diqqətə çatdırdı.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxışında diqqəti Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara yönəltdi. Dedi ki, indi enerji təhlükəsizliyi Avropa üçün bir nömrəli məsələdir və neft-qaz hasilatında əldə edilən nailiyyətlər Azərbaycanı daha da gücləndirir. Komissar Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair imzalanan birgə bəyannamənin əhəmiyyətinə də toxundu.
Albaniyanın Baş naziri Sali Berişa da neft-qaz sektorunda əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Əlcəzairin planlaşdırma naziri Həmid Temmar və İslam Konfransı Təşkilatının (İKT) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə çıxış etdilər. İKT-nin baş direktoru rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında yaranan səmərəli əməkdaşlıqdan danışdı. Vurğuladı ki, Azərbaycan həm İSESKO, həm də YUNESKO və digər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən tədbirləri təşkil etməklə özünün mədəni dəyərlərə sadiqliyini təsdiq etdi. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini vurğuladı və onun xoşməramlı səfir kimi mədəniyyət, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Forumda çıxış etdi.
Dövlətimizin başçısı bütün qonaqları salamlayaraq onu bu Foruma dəvət etdiklərinə görə hamıya təşəkkürünü bildirdi. Azərbaycan haqqında danışan Prezident İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat verdi. Dedi ki, Azərbaycanın inkişafının tam təmin edilməsi üçün biz güclü iradəyə malikik. On ildir Azərbaycanın Avropa Şurasının üzvü olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, indi ölkəmiz Avropa İttifaqı ilə əlaqələri gücləndirir. Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərin əhəmiyyətinə toxundu və gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi.
Müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın iqtisadi inkişafının mərhələləri barədə danışan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkəmiz maliyyə böhranı illərində də yüksək templərlə inkişaf edib. Neft ölkəsi olan Azərbaycanın gələcək illər üçün öz inkişafını qeyri-neft sektoruna yönəltdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Avropa təsisatları ilə sıx əməkdaşlıq bizim üçün vacibdir. “Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır, cəmiyyətimiz çoxmədəniyyətlidir və Azərbaycan bu sahədə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib”, - deyən Prezident İlham Əliyev onu da vurğuladı ki, ölkəmiz regional təhlükəsizliyə böyük diqqət yetirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, artıq 20 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün vardır. Ermənistan bu günə qədər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyib. “Münaqişə nə qədər tez həll olunsa bu, regional təhlükəsizliyə ən böyük töhfə olar”, - deyən dövlətimizin başçısı enerji məsələsinə də toxundu, dünyada şəffaf qurum kimi tanınan Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətindən, Azərbaycanın şaxələndirilmiş neft-qaz infrastrukturundan, hazırda ciddi şəkildə müzakirə olunan “Cənub” qaz dəhlizinin əhəmiyyətindən danışdı. Prezident İlham Əliyev “Evrovision” beynəlxalq mahnı müsabiqəsində ölkəmizə səs verdiklərinə görə, Avropanın paytaxtı hesab olunan Brüsseldən hamıya təşəkkürlərini çatdırdı.
Krans Montana Forumunun prezidenti Jan Pol Karteron Azərbaycanın inkişafında böyük fəaliyyəti olan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini xatırladı, ölkəmizdə iqtisadi inkişaf baxımından əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Forumun ən ali mükafatı “PRIX DE LA FONDATION” Prezident İlham Əliyevə təqdim olundu.
Prezident İlham Əliyev mükafata və xoş sözlərə görə, təşəkkürünü bildirdi. “Bizim hədəfimiz müasir Azərbaycanda sülhə nail olmaqdır”, - deyən dövlətimizin başçısı bildirdi ki, güclü mövqeyimiz ölkəmizə müstəqil siyasət yürütməyə imkan verir, mühüm qlobal və regional layihələrdə Azərbaycanın mövqeyi tərəfdaşların mövqeyi ilə üst-üstə düşür. “Bu mükafatı Azərbaycana verilən mükafat kimi qəbul edirəm”, - deyən Prezident İlham Əliyev bir daha təşəkkürlərini çatdırdı.
Bu il 22-ci dəfə keçirilən Krans Montana Forumunda dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, nazirlər, iri biznes sahibləri iştirak edir. Qeyd edək ki, Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Krans Montana tərəfindən yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan etmişdir. Builki Forum işini iyunun 25-də başa çatdıracaqdır.
Gələn ilin iyununda isə Krans Montana Forumu Bakıda keçiriləcəkdir.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulandı, Albaniyanın Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi qeyd edildi. Həmçinin görüşdə Azərbaycanın Albaniyaya sərmayə yatırması, turizm, özəlləşdirmə və digər sahələrdə əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Bu məsələlərin müzakirəsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi, siyasi və iqtisadi əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
---------- 09:48
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olmuşdur.
Yeji Buzek və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər. Avropa Parlamentinin sədri bu yaxınlarda Azərbaycana etdiyi səfərin əhəmiyyətinə toxunaraq, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, viza rejiminin sadələşdirilməsi, regional təhlükəsizlik, “Şərq tərəfdaşlığı” Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıqla bağlı səmərəli müzakirələrin aparıldığını dedi.
Y.Buzek enerji sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Avropa Parlamentinin məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev Y.Buzekin Bakıya səfərinin Azərbaycan ilə Avropa Parlamenti arasında tərəfdaşlığın inkişafına töhfə verəcəyini dedi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan öz siyasətini Avropa İttifaqı ölkələrinin siyasəti ilə mümkün qədər çox uzlaşdırmağa çalışır. Əcnəbi şirkətlər üçün Azərbaycanda yaradılmış şəraitə toxunan Prezident İlham Əliyev ölkəmizə yatırılan xarici sərmayələrin həcminin artdığını bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının da müzakirə olunduğunu deyən Prezident İlham Əliyev əlavə etdi ki, yalnız Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də Avropa Komissiyasının sədri Xose Manuel Barrozu status-kvonun davam etdirilməsinin yolverilməz olduğunu bəyan etmişlər.
Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu qeyd edən dövlətimizin başçısı bu işğala son qoyulduqdan sonra Cənubi Qafqaz regionunun inkişafının təmin olunacağını vurğuladı.
Azərbaycan ilə Avropa İttifaqı arasında geniş əməkdaşlığın olduğunu qeyd edən Prezident İlham Əliyev “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində münasibətlərin, xüsusilə də Avronest Parlament Assambleyasının təsis edilməsinin əhəmiyyətini vurğuladı.
Sonra jurnalistlərin sualları cavablandırıldı.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra mətbuata bəyanatlarla çıxış etmişlər.
Avropa İttifaqının prezidenti Herman Van ROMPEY Azərbaycan Prezidentini Brüsseldə salamladı. O, “Eurovision” mahnı müsabiqəsindəki qələbə münasibətilə təbriklərini çatdırdı. “Avropanın bütün dairələri gələn il Bakıya toplaşacaq və Azərbaycanı diqqət mərkəzinə çevirəcəkdir”, - deyən Herman Van Rompey bildirdi ki, Avropa İttifaqı Azərbaycan ilə əlaqələrin gücləndirilməsinə sadiqdir. Bu, sentyabrda Varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” Sammitinə hazırlıq və gözləntilərdə də əks olunmuşdur.
Varşava sammitini həm Avropa İttifaqı, həm də onun tərəfdaşlarının məqsədlərinə sadiqliklərini yeniləmək üçün bir imkan olacağını deyən Avropa İttifaqının prezidenti buraya “Şərq tərəfdaşlığı”nı möhkəmləndirən dəyər və prinsiplərə birgə sadiqliyin, xüsusilə demokratik prinsiplər və təcrübələrin, insan hüquqlarına hörmətin, yaxşı idarəçiliyin və qanunun aliliyinin daxil olduğunu diqqətə çatdırdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Herman Van Rompey Avropa İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstək verdiyini vurğuladı. “Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır”, - deyən Avropa İttifaqının prezidenti münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəklədiyini diqqətə çatdırdı. Bildirdi ki, Aİ-Azərbaycan əlaqələrinin digər mərkəzi elementi enerji sahəsidir və təmsil etdiyi qurum əmindir ki, Azərbaycan Avropa bazarlarını gələcəkdə əhəmiyyətli həcmdə enerji ilə təmin etməyə davam edəcəkdir.
“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bizim bu əlaqələrimizin uzun tarixi var və bu gün bu münasibətlər yeni bir mərhələyə daxil olur”, - deyən Prezident İlham ƏLİYEV “Şərq tərəfdaşlığı” Proqramının fəal dialoq üçün yeni imkanlar yaratdığını vurğuladı. Dövlətimizin başçısı İlham Əliyev dedi ki, üzərində işlənilən Assosiativ saziş bir çox sahələri əhatə edəcək və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaratmağa imkan verəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanatın həvəsləndirici olduğunu dedi. Dövlətimizin başçısı qeyd etdi ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir, münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktının sənədləri əsasında həll edilməlidir bəyanatı bizi olduqca həvəsləndirdi. “Ərazilərimiz işğaldan azad olunandan sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir zamanda həllini istəyirik”, - deyən Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq yaxşı tarixinin olduğunu, bu gün Avropanın enerji resurslarımızın əsas istehlakçısına çevrildiyini diqqətə çatdırdı. Bu ilin yanvarında Bakıda Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun iştirakı ilə imzalanan “Cənub” qaz dəhlizi ilə bağlı bəyannamənin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu sənədin gələcəkdə Avropanın alternativ, etibarlı və böyük qaz resursları əldə edə bilməsinə imkan verəcəyini bildirdi.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla davam edəcəyinə əmin olduğunu dedi.
---------- 00:31
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, o cümlədən “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində həyata keçirilən layihələr və atılan addımlar ətrafında fikir mübadiləsi aparıldı.
Əməkdaşlığın genişləndirilməsinin yeni imkanlarının nəzərdən keçirildiyi görüşdə, həmçinin Assosiativ saziş üzrə aparılan danışıqların hazırkı vəziyyəti, viza rejiminin sadələşdirilməsi və digər məsələlər müzakirə olundu.
------------------ 22.VI.2011 22:00
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, “Şərq tərəfdaşlığı” Proqramı, energetika sahəsində əməkdaşlıq, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsi perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
---------- 21:20
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşmüşdür.
Avropa Parlamentinin sədri Yeji Buzek dövlətimizin başçısı İlham Əliyevi səmimiyyətlə qarşıladı. Prezident İlham Əliyev və Yeji Buzek Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdirdilər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ilə Avropa İttifaqı arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi, “Şərq tərəfdaşlığı” Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Görüşdə, həmçinin Assosiativ saziş, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
---------- 20:50
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu birgə mətbuat konfransı keçirmişlər.
Xose Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.
“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”, - deyən Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Prezident İlham Əliyev ilə görüşdə “Şərq tərəfdaşlığı” Proqramı, Avropa Qonşuluq siyasəti və Azərbaycanda demokratiyanın inkişafı prosesləri ilə bağlı müzakirələrin aparıldığını bildirdi. Azərbaycana sonuncu səfərində ölkəmizdə iqtisadi inkişafın şahidi olduğunu deyən Avropa Komissiyasının sədri Bakıda “Cənub dəhlizi” ilə bağlı imzalanmış Bəyannamənin əhəmiyyətini vurğuladı.
Xose Manuel Barrozu qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlinin vaxtı çatmışdır. Sədr “Eurovision-2011” mahnı müsabiqəsində azərbaycanlı gənc müğənnilərin birinci yeri tutmaları ilə bağlı təbriklərini çatdırdı.
“Avropa İttifaqı ilə Azərbaycan arasında fəal dialoq mövcuddur”, - deyən Prezident İlham Əliyev ikitərəfli gündəliyin geniş olduğunu və budəfəki görüşdə bir çox məsələlərin müzakirə edildiyini bildirdi. “Biz ölkəmizdə hüququ və siyasi islahatları davam etdiririk. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir”, - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, qaçqın və məcburi köçkünlər tezliklə evlərinə qayıtmalıdırlar. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev görüşdə enerji siyasəti məsələlərinə də geniş yer ayrıldığını dedi.
Sonra jurnalistlərin sualları cavablandırıldı.
---------- 19:36
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 22-də Brüsseldə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə işçi naharı olmuşdur.
---------- 18:52
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu birgə mətbuat konfransı keçirmişlər.
---------- 14:37
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə “Euronews” telekanalına müsahibə vermişdir.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sualları cavablandırmışdır.