İranın müdafiə nazirini qovdular

İranın müdafiə nazirini qovdular
Bütün Xəbərlər
05:07 02.06.2011
1646

Atom-nüvə proqramını dayandırmadığına və insan haqlarını pozduğuna görə Tehran hakimiyyətinin bir sıra rəsmilərinə sanksiya tətbiq edilib. Onlardan biri müdafiə naziri Əhməd Vahididir. O, srağagün Boliviyadan qovulub - amma sanksiyalarla bağlı yox. O bu ölkədən Argentina hakimiyyətinin tələbi əsasında çıxarılıb. 

Beynəlxalq ictimaiyyət İran hakimiyyətinin Argentinadakı terror əməlini hələ yaddan çıxarmayıb. Qeyd edək ki, 1992-ci ildə İsrail səfirliyinin bu ölkədəki binasında partlayışdan sonra 29 nəfər, 1994-cü ildə Argentina paytaxtında yəhudilərin mədəniyyət mərkəzi yaxınlığında avtomobilin partladılması nəticəsində 85 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdı. Argentina hakimiyyəti ehtimal edir ki, həmin terror olayında İran tərəfindən himayə edilən Livan "Hizbullah"ının da əli var. Bundan başqa, bəhs etdiyimiz terror aksiyasının təşkilində İranın indiki müdafiə naziri Əhməd Vahidinin iştirak etdiyi istisna edilmir. Qeyd edək ki, Əhməd Vahidi nazir olmazdan öncə İnqilab keşikçiləri Qvardiyasının "əl-Qüds" briqadasının komandanı olub. Mahmud Əhmədinejadın prezidentliyinin birinci dövründə o, müdafiə nazirinin müavini vəzifəsində çalışıb. "əl-Qüds"ün "Qüds qüvvəsi" qolu əsasən xarici ölkələrdə fəaliyyət göstərir. 

2006-cı ilin noyabr ayında Argentina məhkəməsinin hakimi Koral İranın bir sıra yüksək rütbəli şəxslərini, o cümlədən keçmiş prezident Haşimi-Rəfsəncani, Rəfsəncaninin prezidentliyi dövründə ETTELAATa başçılıq edən Əli Fəllahian və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Möhsün Rzayi, eləcə də Möhsün Rəbbani, Əhmədrza Əsgəri və Əhməd Vahidini yəhudilərin xeyriyyə mərkəzində törədilmiş partlayışda günahlandıraraq, onların tutulması üçün İnterpola müraciət edib. Əhməd Vahidinin adı 1996-cı ildə ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi kazarmasının partladılmasında da çəkilir. "Başen Xobra"nın partladılması nəticəsində 19 amerikalı hərbçi həlak olmuşdu. "�erusalem Post"un məlumatına əsasən, Boliviyanın xarici işlər naziri argentinalı həmkarına nota göndərərək, ondan Ə.Vahidinin ölkəyə buraxılmasına görə üzrə istəyib. Nazir daha sonra bildirib ki, Boliviya hökuməti yaranmış bu təəssüfləndirici, xoşagəlməz hadisəyə görə Argentina hakimiyyətinə üzrxahlıq etməklə bərabər, Əhməd Vahidi və onun başçılıq etdiyi İran nümayəndə heyətinin dərhal bu ölkəni tərk etməsi üçün ciddi tədbir görüb. 

Beləliklə, Ə.Vahidi və onu müşayiət edən İran nümayəndə heyətinin üzvləri Boliviyaya rəsmi səfəri yarımçıq qoyaraq, mayın 31-i gecə saatlarında bu ölkəni tərk edib. 

Maraqlıdır ki, Tehran hakimiyyətinin sanksiyalı təmsilçiləri dünyanın istənilən ölkəsinə hələ də sərbəst gedib-gələ bilir. Bu yaxınlarda İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehiyə qarşı Avropa Birliyinin tətbiq etdiyi yasaq da aradan götürülüb. Bu baxımdan hesab etmək olar ki, sanksiyanın sərtləşdirilməsində maraqlı olanların etirazı olmazsa, İran rəsmiləri istənilən ölkəyə sərbəst gediş-gəliş edəcək, bu isə yasaqların təsirini heç endirə bilər. Argentinanın timsalında bu özünü doğrultdu. Düzdür, onu, bu etirazı, konkret olaraq, bəlli sanksiyalarla bağlı deyil. Ancaq bu, terrorçu ilə danışıqlar aparmamağa dair bir örnəkdir. "İnterpol"un axtarışında olduğu üçün əslində Boliviya hakimiyyəti onu təhvil verməli idi. Görünür, Qərb və şərqli olmasından asılı olmayaraq, dünya dövlətləri qanunun aliliyinin təmin edilməsi baxımdan da hələ arzuolunan səviyyəyə çatmayıb.

//Baki-Xeber

 

OXŞAR XƏBƏRLƏR