Müsavat Partiyasının başqanı İsa Qəmbər “Media forum” saytına açıqlamasında deyib ki, AMİP Koordinasiya Şurasına İctimai Palatada fəaliyyətini dayandırması haqda heç bir qərar təqdim etməyib: “Ona görə də indiki mərhələdə məsələni qiymətləndirə bilmərik. Yalnız rəsmi məlumat aldıqdan sonra buna qiymət verə bilərik. Sadəcə olaraq onu deyə bilərəm ki, İctimai Palata partiyaların birliyi deyil. İctimai Palata vətəndaş birliyidir, ayrı-ayrı fərdlərin birliyidir. Bir çox partiyanın nümayəndələri də İctimai Palatada təmsil olunur. Ona görə də İctimai Palataya üzv olma və çıxma hallarına konkret situasiyalarda baxılmalıdır. Biz də buna baxıb qiymət verəcəyik”.
Yazıçı-publisist Mehriban Vəzir “Media forum”a deyib ki, İctimai Palatada təmsil olunmaq AMİP-in özü üçün faydalı idi: “Çünki uzun müddət idi AMİP-in siyasi fəaliyyəti gözə dəymirdi. Son zamanlar isə AMİP-də bir canlanma yaranmışdı, partiya aktiv siyasətlə məşğul olurdu. İndi partiya daxilində nə baş verdiyini, İctimai Palatadan çıxmağı necə əsaslandırdıqlarını bilmirəm. Hər halda bu qərardan daha çox AMİP zərər çəkəcək. Təşkilat yenidən formal fəaliyyətə qayıdır. Əgər partiya siyasi fəaliyyətlə məşğul olmursa, ölkədə baş verən hadisələrə münasibət bildirmirsə, onda nə işlə məşğul olur? İctimai Palatadan çıxmaq qərarı ilə AMİP-də yaranan canlanmanın qarşısı alındı”.
AMİP Siyasi Şurasının 18 aprel bəyanatında İctimai Palatanın yalnız mitinqlərə məşğul olduğunu iddia etməsinə gəlincə, Mehriban Vəzir deyib ki, bu yanaşma hakimiyyətin kütləvi aksiyalara münasibəti ilə üst-üstə düşür. Koordinasiya Şurasının üzvü hesab edir ki, AMİP-in yanaşması sağlam mövqeni əks etdirmir: “Eyni zamanda bu qərar AMİP-in müstəqil partiya olmadığını göstərir”.