Dövlət Miqrasiya Xidməti (DMX) aprelin 17-də “Sahil” bağında saxlanılan isveçli jurnalistlərlə bağlı qərar qəbul edib. Bu barədə DMX-nin idarə rəisinin müavini Zərnişan Əhmədova bildirilib.
O, qeyd edib ki, isveçli jurnalistlərlə bağlı qanuna uyğun araşdırma aparılıb və araşdırmaların nəticəsi olaraq müvafiq qərar qəbul olunub. Əcnəbi jurnalistlər Daxili İşlər Nazirliyinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, hər hansı əcnəbi jurnalist ölkəmizdə peşə fəaliyyəti ilə məşğul olması üçün Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidir. Araşdırmalar zamanı məlum olub ki, həmin jurnalistlər Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməyiblər. Məhz buna görə də onlar qanunvericiliyin tələbinə uyğun olaraq ölkədən deportasiya ediliblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən də aprelin 17-də “Sahil” bağında saxlanılan isveçli jurnalistlər Azərbaycanda akkreditə olunmadığı bildirilib: “Həmin jurnalistlər tərəfindən bizə rəsmi müraciət daxil olmayıb”.
Qeyd edək ki, İctimai Palatanın aprelin 17-də keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiyada çəkiliş aparan üç isveçli jurnalist polis tərəfindən saxlanılıb.
Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmadığından Charlie Laprevote, My Rohwedder Street və Charlotta Wijkström DMX-yə təhvil veriliblər.//apa