Baş Prokurorluğun Daxili İşlər Nazirliyi ilə birgə yaydığı məlumatda bildirilir ki, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən birgə araşdırma aparılıb. Müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını Azərbaycana gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil ediblər.
O da aydın olub ki, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradıblar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar.
Araşdırmalar zamanı həmçinin o da müəyyən edilib ki, adı çəkilən universitetin tibb mərkəzinə Səhiyyə Nazirliyi tərəfindən ambulator və stasionar tibbi xidmət üçün muvafiq lisenziya verilsə də, tibbi xidmətlərə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı əməliyyatların keçirilməsi daxil edilməyib. Tibb mərkəzi tərəfindən lisenziya şərtlərinin pozulması hallarına yol verildiyinə görə Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə onun fəaliyyəti dayandırılıb.
İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.