Əli Əhmədov: “Xarici diplomatların müxalifətlə gizli görüşü qeyri-normal haldır”

Bütün Xəbərlər
11:42 09.04.2011
1824
Əli Əhmədov jurnalistlərə açıqlamasında aprelin 8-də İctimai Palata rəhbərliyi ilə dilpomatlar arasında keçirilən görüşün məxfi xarakter daşıdığını söyləyib:

“Bu görüşün təfərrüatı haqqında məndə məlumat yoxdur. Görüşün keçirilməsi ilə bağlı məlumat bugünkü mətbuatda yayılıb. Onların özləri bu görüşün təfərrüatını açıqlamırlar. Ola bilsin ki, görüş İctimai Palatanın aprelin 16-a təyin etdiyi mitinqlə bağlıdır. Lakin mən bilmirəm ki, bu mitinqi təkcə müxalifət təyin edib, yoxsa görüşdə iştirak edən diplomatlar?"

Görüşdə mitinqin keçirilməsi ilə bağlı planların müzakirə edildiyi ehtimalını vurğulayan YAP-ın sədr müavini deyib: "Yəqin ki, belə bir müzakirə keçirilib. Əlbəttə, bütün bunların hamısı çox qəribə görünür. Hesab edirəm ki, Azərbaycanda akkreditə olunan səfirliklərin həm mandatı, həm də qarşısında duran vəzifələr ilk növbədə öz dövlətlərinin Azərbaycanla bağlı siyasətini həyata keçirmək və təmsil etməkdən ibarətdir. O ki qaldı ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələrinə, onlar Azərbaycanın hakimiyyət nümayəndələri ilə də səmərəli görüşlər keçirir və əməkdaşlıq edirlər. Amma aprelin 8-də İctimai Palatanın rəhbərliyi ilə qapalı formada keçirilən görüş və orada hansı məsələlərdən söhbət aparılması ilə bağlı ictimaiyyətə məlumat verilməməsi çox qəribədir”.

YAP-ın sədr müavini hesab edir ki, bir sıra beynəlxalq təşkilatlar və səfirliklər ictimaiyyətdən gizli söhbətlərin aparılmasında meyilli olmamalıdır. Onun sözlərinə görə, belə görüşlər normal olmayan məqamlardan xəbər verir: “Azərbaycan dövləti, hökuməti və cəmiyyəti ölkədə baş verən bütün hadisələrin məsuliyyətini daşıyır. İctimai-siyasi sabitliyin qorunması Azərbaycan hökumətinin qarşısında duran bir nömrəli vəzifədir. Çünki ictimai-siyasi sabitlik, əmin-amanlıq və dinclik hər bir Azərbaycan vətəndaşının faydalandığı sərvətdir. Azərbaycandan kənarda baş verən hadisələri göz önünə gətirsək, sabitliyin və dincliyin nə qədər böyük sərvət və vacib olduğunu dərk edərik".

Əli Əhmədov bəyan edib ki, Azərbaycan hökuməti sabitliyi indiyə qədər qoruyub saxlayıb, bundan sonra da qorumaq niyyətindədir.

OXŞAR XƏBƏRLƏR