Əli Həsənov: “Qaydasız oyun” daxili həyatda normal hesab olunmur”

Bütün Xəbərlər
07:36 26.04.2011
1874

– Əli müəllim, axır illərin, xüsusilə, son dövrlərin ən çox dartışılan məsələlərindən biri ölkədə “Sərbəst toplaşmaq azadlığı haqında” qanun və onun müddəalarından irəli gələn normaların təmini məsələsidir. Bəzi iqtidaryönlülər belə hesab edirlər ki, seçkilər dövründə sərbəst toplaşma azadlığı, etiraz aksiyalarının yeri, məkanı məsələsi Seçki Məcəlləsi, adi dövrdə isə bu məsələ məlum qanunla tənzimlənirş. Siz də bir iqtidar və hakim partiyanın yetkilisi olaraq bu mövqeni bölüşürsünüz, yoxsa?.. 

– Prinsipcə belədir, bu mövqe doğrudur. Şəxsən mən də belə hesab edirəm ki, hər bir ölkədə müəyyən məsələlər , o cümlədən, sərbəst toplaşmaq məsələsi, digər bu yönlü demokratiya məsələləri onların özlərinin daxili qanunvericiliyinə uyğun şəkildə həll olunur. Belə demək mümkünsə, “qaydasız oyun” dünyanın heç bir ölkəsində daxili həyatda normal məsələ hesab olunmur. Sərbəst toplaşmaq barədə qanunvericilik aktı var, Seçki Məcəlləsi mövcuddur, digər məsələlər ortadadır ki, bunların hamısı elə müəyyən hüquqi çərçivə yaradır və bu hüquqi çərçivədən istifadə edərək insanlar öz hüquqlarını reallaşdırırlar. Əks təqdirdə, bir insanın hüququ başqa insanın hüququ ilə üst-üstə düşürsə, kəsişirsə, bu, cəmiyyətdə müəyyən anarxiya, xaos yarada bilər. Azərbaycanda sərbəst toplaşmaq hüququ insanların Konstitusiya hüququdur və bu hüquq reallaşdırılır, gözlənilir, hakimiyyət də bunu təqdir edir. Lakin təkrar edirəm, belə deyək, normasız, “qaydasız oyun” olmadığı kimi, sərbəst toplaşmağın da çərçivəsi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla tənzimlənir. Müvafiq icra hakimiyyəti ilə sərbəst toplaşmaq, mitinq, digər yerlər, məsələlər razılaşdırılır və həmin yerdə də bu toplaşma hüququnun təmin olunması üçün şərait yaradılır.

– Səhv etmiriksə, axırıncı dəfə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna 2009-cu ilin mart referendumu zamanı dəyişikliklər edildi. Bu baxımdan, yaxın zamanlarda yenidən sözügedən qanuna əlavələr və dəyişikliklər edilməsi gözləniləndirmi, mümkündürmü?

– Mən indiki dövrdə bu qanuna qayıdılacağını düşünmürəm. Bu qanun Avropa Şurasının hətta ekspertləri ilə birlikdə o zaman hazırlandı və sonra bunun monitorinqi də keçirildi. Həmin ekspertlər də belə qərara gəldilər ki, bu qanun normaldır, Avropa standartlarına cavab verir və onun bu gün də yenidən dəyişməsi gündəmdə deyil.

– Necə hesab edirsiniz, ümumilikdə bu gün Azərbaycanda insanların, vətəndaşların sərbəst toplaşmaq azadlığı tam təmin edilirmi?

– İnsanların, vətəndaşların həm Konstitusiya ilə, həm də mövcud qanunla təsbit edilmiş sərbəst toplaşmaq azadlığı hüquqları tam təmin olunur və bunun özü də insanları, vətəndaşları təmin edir. Amma, eyni zamanda, müəyyən radikal dairələri təmin etmir ki, onlar da gördüyünüz kimi, bu qanunun üzərindən keçərək özlərinin ambisiyalarını reallaşdırmaq istəyirlər və müvafiq olaraq hüquq-mühafizə orqanları ilə üz-üzə gəlmək məcburiyyətində qalırlar.

– Əli müəllim, tez-tez gündəm mövzusuna çevrilən məsələlərdən biri isə Azərbaycanda vəkillik institutunun genişləndirilməsi, daha da demokratikləşdirilməsi, şəffaflaşdırılması və vəkillərin sayının artırılması məsələsidir. Bəzi parlamentarilər, ekspertlər belə hesab edirlər ki, nəinki aparıcı demokratik ölkələrlə, ən azı, qonşu Gürcüstanla müqayisədə Azərbaycanda vəkillərin sayı həddindən artıq azdır və bu baxımdan, Azərbaycanda vəkillərin sayının artırılmasına ehtiyac var...

– Açığını desəm, bu sahə mənim bilavasitə məşğul olduğum və daxili qaydalarını, hüquqi bazalarını çox da yaxşı bildiyim bir sahə deyil. Amma mən burada da heç bir problem görmürəm. Əgər Azərbaycanda vəkillərin sayının artırılmasına ehtiyac varsa, bunu sərbəst şəkildə həmin o vəkillər institutu, Vəkillər Kollegiyası həyata keçirə, reallaşdıra bilər. Qanun müəyyən dərəcədə buna imkan vermirsə, o zaman “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu dəyişdirə bilərlər. Heç bir qanun Quran ayəsi deyil ki, onu dəyişdirmək mümkün olmasın? Əgər cəmiyyətin ehtiyacı bunu tələb edirsə, bunu reallaşdırmaq üçün Azərbaycan hakimiyyətinin heç bir problemi yoxdur və biz hakimiyyət olaraq, buna tam şərait yaratmağa da hazırıq.

 Parlamentdə bəzi iqtidaryönlü millət vəkilləri tərəfindən ortaya atılan məsələlərdən biri də Milli Məclisdə (MM) prezidentin daimi nümayəndəliyi institutunun yaradılması, daha doğrusu, prezidentin daimi nümayəndəsinin olması məsələsidir. Bu təklifi gündəmə gətirən şəxslər belə hesab edirlər ki, bununla qanunların “çiy” olmasının qarşısı alınar, eyni zamanda, qanun layihələri ilə bağlı yaranan narazılıqların vaxtında aradan qaldırılması mümkün olar... 

– Doğrusunu deyim, bu təkliflə də mən birinci dəfədir rastlaşıram. Buna nə dərəcədə ehtiyac olub-olmamasını da bilmirəm, araşdırmamışam. Bununla bağlı təhlil də aparmamışıq. Bu fikrin, təklifin üzərində məxsusi olaraq məşğul da olmamışıq. Amma buna ehtiyac yarandığı halda, mən buna da ciddi bir maneə görmürəm. Əgər insanlar hesab edirlərsə ki, prezidentin, Prezident Administrasiyasının parlamentdə daimi nümayəndəsi olsun və bunu da əsaslandırırlarsa, o zaman buna etiraz etmək üçün də heç bir əsas qalmır.

– Bəs “Siyasi partiyalar haqqında” qanunun dəyişdirilməsi, yeniləşdirilməsi, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi nə yerdədir? Bildiyiniz kimi, zaman-zaman bu məsələ də həm cəmiyyəti, həm gündəmi məşğul etməkdədir. Belə olan təqdirdə, yaxın zamanlarda bu məsələ də gündəmə gətirilə bilərmi, gətiriləcəkmi?

– Bilmirəm, bu haqda konkret bir söz deyə bilmərəm. Amma bu yöndə də təkliflər var. Parlamentdə təmsil olunan bəzi siyasi partiyaların rəhbərləri cənab prezidentə bununla bağlı məktubla müraciət ediblər və belə bir qanunun gündəmə gəlməsi, “Siyasi partiyalar haqqında” qanuna yenidən baxılması, siyasi partiyalar institutunun, ümumiyyətlə, əsaslarının, onunla bağlı qanunvericilik çərçivəsinin dəqiq müəyyən olunması və partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsinə baxılması ilə bağlı təkliflər mövcuddur. Amma parlament buna nə zaman baxacaq, bununla bağlı hansı qərarı qəbul edəcək, əlbəttə, bu, artıq parlamentin səlahiyyətinə aid bir məsələdir...

/// 525-CI  QƏZET

OXŞAR XƏBƏRLƏR