Xəbər verdiyimiz kimi, Azərbaycanda 2027-ci ildə ölkənin 67 şəhər və rayonunun hamısının öz xərclərini qarşılaya biləcəyi gözlənilir. Bununla bağlı müvafiq göstəricilər "2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, gələn il ölkənin bütün 67 şəhər və rayonunun xərclərini öz gəlirləri hesabına ödəyə biləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Akif Nəsirli AZXEBER.COM-a açıqlamasında deyib ki, bu addım ilk baxışdan iqtisadi inkişaf baxımından müsbət göstəricidir:
"2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun hamısının öz xərclərini ödəyə bilməsi ilk baxışdan iqtisadi inkişaf baxımından müsbət göstəricidir. Bu, regionlarda gəlirlərin artması, vergi bazasının genişlənməsi və yerli iqtisadi fəallığın yüksəlməsi ilə əlaqəli ola bilər. Lakin məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Çünki rayonların özünümaliyyələşdirməyə keçməsi heç də onların bütün xərclərini müstəqil şəkildə qarşılamaq imkanına malik olması demək deyil.
Son illərdə bir sıra dövlət qurumlarının maliyyələşdirilməsi yerli büdcələrdən müvafiq mərkəzi dövlət qurumlarına keçirilib. Məsələn, təhsil, daxili işlər və vergi strukturlarının xərcləri mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Beləliklə, rayonların büdcə yükü azaldığı üçün onların öz gəlirləri hesabına xərclərini ödəməsi daha mümkün görünür. Buna görə də bu göstəricini regionların iqtisadi müstəqilliyinin tam təmin olunması kimi qiymətləndirmək düzgün olmazdı”.
"Əhalinin rifahının yüksəlməsi isə büdcənin özünü maliyyələşdirməsindən daha çox, bölgələrdə yeni iş yerlərinin açılmasından, əməkhaqlarının artmasından, özəl sektorun inkişafından və insanların gəlirlərinin yüksəlməsindən asılıdır”,-deyə iqtisadçı bildirib.
Şahanə Ziyad











































