B. Muradova deyib ki, müxalifətin yeni birliyinin tərkibində köhnələr cəmləşib: “Bu fakt isə ad dəyişsə də, müxalifətin mahiyyətinin dəyişmədiyini göstərir. Ona görə də, hansısa birliyin reallaşmasını güman etmək çox sadəlövhlük olardı. Yəni bu “birliyin” gələcəyinin olmaması barədə çox konkret və aydın təsəvvür formalaşır. Həmin müxaliflərin kim olduğu Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Bu düşərgədə ildə bir neçə dəfə yeni təşkilatın yaradılması ideyalarını kənardan müşahidə edəndə uşaqların “evcik-evcik” oyunu yada düşür. Onlar belə ideyaların heç zaman səmərə vermədiyini bilirlər. Parlament seçkilərindən öncə superpartiya yaratmaq ideyaları da var idi. Və bununla da cəmiyyəti “titrədəcəklərini” bəyan edirdilər. Amma birləşmə alınmadı və titrəyənlər də özləri oldu”.
Vitse-spiker qeyd edib ki, “İctimai palata”nı yaratmış həmin insanlar ictimai faydalı fəaliyyətlə məşğul deyillər: “Neçə illərdir ki, bu cür imitasiya ilə məşğuldurlar. Düşünürəm ki, bu da onların cəmiyyətə nə iləsə məşğul olduqlarını göstərmək cəhdidir. Amma hesab edirəm ki, müxalifətin yeni “birliyi” növbəti bir neçə aylıq söz-söhbət mövzusundan başqa bir şey olmayacaq”.