“Masallı Mamed”in ölümü ilə bağlı sensassion iddialar ortaya çıxıb

Bütün Xəbərlər
08:57 25.03.2011
4687

“Masallı Mamed”in sağlıq durumu barədə ilk ziddiyyətli xəbərlər 2008-ci ilin sentyabrında yayılmışdı. Həmin xəbərlərin birində deyilirdi ki, o, şəkər xəstəliyinin ağır formasından əziyyət çəkir və insulin asılılığındadır. Lakin bu xarakterli xəbərləri elə o zaman da, indi də “Masallı Mamed”in yaxınları qətiyyətlə rədd edirlər. Yaxınları iddia edirdilər ki, onun hansısa xəstəlikdən əziyyət çəkməsi barədə xəbərlər maraqlı dairələr tərəfindən yayılır və ortada M.Hüseynovun aradan götürülməsi planı var: “Bu cür xəbərlər də ona görə yayılır və faktiki olaraq “Masallı Mamed”in fiziki məhvinə hazırlıq məqsədi daşıyır”. Onun qəfil ölümü kriminal aləmdə də şübhə ilə qarşılanıb. Baxmayaraq ki, onun son günlər ürək ağrılarından əziyyət çəkdiyi və müalicə olunduğuna dair hələ “içəridən” təsdiqlənməmiş xəbərlər də var.

Dünən mərhumun yaxınları ilə əlaqə saxlayıb avtoritetin ölümü ilə bağlı yayılan təzadlı xəbərlərə də münasibət öyrəndik.

“Mamed çox hörmətli oğlanlardan biri idi. Onun ölümü ilə bağlı yayılan xəbərlərin içində həqiqət olmayanları da var. O, ürək tutmasından dünyasını dəyişib. Başqa heç bir söhbət yoxdur. Əgər nəsə bir söhbət olsaydı, Mamed ətrafında olan qohum-qardaşını Masallıya yollamazdı. O, ölümündən əvvəl tez-tez onunla görüşən qardaşına deyib ki, “qohum-qardaşı yığın, gedin Masallıya, bayramı anamla birgə keçirin”. Onun dəfn mərasiminə 10 mindən artıq insan gəlmişdi. Bəziləri var ki, yaslarına kiməsə xatir toplaşırlar. Mamedin yasına insanlar məhz onun özünə, ona olan hörmətlərini izhar etmək üçün yığışmışdılar. 7 mərasimi martın 27-də olacaq. Həmin gün də ölkənin hər yerindən Mamedin hörmətini saxlayan insanlar Masallıya gələcəklər”.

Qeyd edək ki, məşhur avtoritetin Masallıda yas mərasiminə gələnlər arasında tanınmışlar da az olmayıb. Milli Məclisin deputatı Nəriman Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, əməkdar artist Baloğlan Əşrəfov… “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun Türkiyədən telefon açaraq mərhumun yaxınlarına başsağlığı verdiyi deyilir.

Xatırladaq ki, mərhumun 40 mərasimi aprelin 28-də keçiriləcək.

// Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR