“Qiymətləndirmə fəalliyyətinin tənzimlənməsi. Müasir beynəlxalq təcrübə” mövzusunda Beynəlxalq Konfrans keçirdi

GƏNCLİK
10:15 08.06.2011
2207

 

AZXEBER.COM-un məlumatına görə, konfransda, Azərbaycan Respublikası  Milli Məclisi İqtisadi Qanunvericilik  Komitəsinin  Sədri akademik Z. Səmədzadə, Azərbaycan Respublikası  Milli Məclisi İqtisadi Qanunvericilik  Komitəsinin üzvü professor X. Kazımlı, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri İ. Quliyev, Rusiya Qiymətləndiricilər Cəmiyyətinin Vitse-Prezidenti İ.Artemenkov, IFC-nin ölkə üzrə nümayəndəsi V. Mints, Avropa Qiymətləndirici Təşkilatlar Assosiasiyasının (TEGoVA) rəhbəri A.Prior və bir çox yerli və xarici qonaqlarla yanaşı KİV nümayəndələri də, iştirak edib. Qonaqlar qiymətləndirmə fəaliyyətinin iqtisadiyyatdakı rolu, qiymətləndiricilərin özünütənzimləmə təşkilatının əhəmiyyəti, Qiymətləndirici təşkilatların beynəlxalq assosiasiyaları, qiymətləndiricilərə təlim, sertifikatlaşdırma və nəzarət, qiymətləndirmə - ölkənin maliyyə sistemi risklərinin azaldılması aləti və digər məsələlər barəsində müzakirələr aparıblar.

Tədbiri giriş sözü ilə açan akademik Z.Səmədzadə “Azərbaycanda qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı” haqqında geniş məlumat verib. Z.Səmədzadə eyni zamanda, qanunvericilik sahəsində olan boşluqlar haqqında  da, məlumatları konfrans  iştirakçılarının diqqətinə çatdırıb.

Professor X.Kazımlı isə Azərbaycanda qiymətləndirmə fəaliyyətinin inkişaf mərhələləri haqqında danışıb. O, Azərbaycanda qiymətləndirmə fəaliyyətinin tənzimlənməsinin istiqamətləri barəsində öz fikirlərini söyləyib.

Beynəlxalq tədbirdə İ.Quliyev Respublikada Qiymətləndirmə fəaliyyətinin inkişafında və onun tənzimlənməsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rolu barəsində məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Sədr Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin güclü potensiala və təcrübəyə malik olduğunu əlavə edərək, Respublikada qiymətləndirmə fəaliyyətinin  elmi-metodiki, normativ-hüquqi və beynəlxalq təcrübənin ölkədə yayılması məqsədi ilə mühüm işlər görüb və görməkdə olduğunu bildirib.

Tədbirdə iştirak edən İ. Artemenkov isə, Rusiya qiymətləndirmə fəaliyyətinin formalaşması: lisenziyalaşma, özünütənzimləmə, sertifikatlaşdırma mövzusunda geniş məruzə ilə çıxış edib. O, Rusiyada qiymətləndirmə fəaliyyətini və sertifikasiya sistemi haqqında öz təcrübələrini iştirakçılarla bölüşüb.

A. Prior Avropada qiymətləndirmə fəaliyyətinin inkişaf meyarları və təcrübəni konfrans iştirakçıları ilə bölüşüb. O, rəhbərlik etdiyi Avropa Qiymətləndirici  Təşkilatları Assosiasiyasının (TEGoVA) tarixi və missiyası haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Konfransın yekununda iştirakçılar digər ölkələrdə olduğu kimi, Azərbaycanda da “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinin zəruri olduğunu və eyni zamanda, respublikada keyfiyyətli qiymətləndirmənin təmin edilməsi üçün, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən yaradılmış sertifikasiya sisteminin zəruriliyini qeyd etdilər.

Qeyd edilmişdir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında”  qanunun müzakirəsi  9 iyul 2011-cu ildə, Milli Məclisdə plenar dinləmələrlə davam etdiriləcəkdir .

OXŞAR XƏBƏRLƏR