“Radikal müxalifət ölkəyə ərəb inqilabı gətirməyə cəhd göstərə bilər”

Bütün Xəbərlər
17:49 04.03.2011
1724

YAP-çı millət vəkili Aydın Mirzəzadə “525”ə bəzi müxalifət dairələrinin Yaxın Şərq ölkələrində gedən proseslərin, inqilabların Azərbaycanda da başvermə ehtimalına münasibət bildirərkən belə deyib. Millət vəkili xatırladıb ki, həmin müxalifətin bir vaxtlar narıncı qalustuk geyinərək Azərbaycana narıncı inqilab gətirmək istəklərini, Qırğızıstan hadisələrindən sonra bu modeli kor-koranə Azərbaycana gətirməklə bağlı hadisələri yada salmaq kifayətdir: “Hazırda isə ərəb ölkələrində baş verən hadisələri müxalifət Azərbaycanda görmək istəyir. Söhbət ondan gedir ki, o ölkələrdə gedən proseslər məhz ərəb dünyasında baş verən proseslərin nəticəsidir. Misirdə adambaşına düşən ümumi daxili məhsul 2 min dollardırsa, o zaman orda baş verən hadisələrin Azərbaycanda təkrarlanması ehtimalı sıfra bərabərdir. Bizdə bu rəqəm artıq 8 min dollara çatır. Misirdə 2005-ci il prezident seçkilərindən sonra ikinci yeri tutan insan həbsxanaya salındı, yalnız ötən il xəstəliyinə görə həbsdən buraxıldı. Azərbaycanda isə prezident və parlament seçkilərində uduzan şəxslər hakimiyyətə və siyasi sistemə qarşı nəinki tənqid, hətta təhqir dolu bəyanatlar səsələndirdilər, ancaq heç kim onların fərqli düşünmək hüququna hücum etmək niyyətində deyil”.

Millət vəkili deyib ki, Liviyanın neft gəlirləri hakim Qəzzafi ailəsi tərəfindən xarici ölkələrdə futbol klublarının alınmasına, bahalı obyektlərin tikilməsinə, həmin pulların Avropa hotellərində xərclənməsinə və banklarda hesablara qoyulmasına yönəldilirsə, Azəbaycanda neftdən gələn gəlirlər yeni zavod və fabriklərin tikilməsinə, sahibkarlığın inkişafına yolların çəkilməsinə, aeroportların qurulmasına sərf edilir. Mirzəzadə xatırladıb ki, prezidentin bir neçə gün bundan əvvəl regionların sosial-iqtisadi inkişafı dövlət proqramının iki illiyinə dair keçirdiyi müşavirədə də kifayət qədər bu inkişafa dair misallar gətirildi: “Yəni bu gün ərəb ölkələrində baş verənlər məhz oranın problemləridir. Qeyd etmək lazımdır ki, Azərbaycan müxalifətinin müəyyən qanadları çox pis siyasətçi və hazırlıqsız politoloqlardır. Onların nəzəriyyəsində nə müqayisə, nə nəzəri fikirlər, nə səbəbləri axtarmaq, nə də perspektivlər görünür. Bu siyasətlə əlbəttə ki, hər hansı bir uğur qazanmaq olmaz. Bu gün Azərbaycan radikal müxalifətinin qəzet səhifələrindən başqa cəmiyyətdə hər hansı bir kökləri yoxdur. Ötən seçkilərdə özünü lider adlandıran şəxslər öz dairələrində 3-5 faizdən artıq səs toplaya bilmədilər. Bunun özü göstərir ki, Azərbaycanda siyasi sistemdə, siyasi həyatda yer tutan qüvvələr artıq müəyyənləşiblər. Bu baxımdan onların fikirləri bu gün kifayət qədər zəif və ilk arqumentlərindən darmadağın ediləsi fikirlərdir. O başqa məsələ ki, demokratik cəmiyyət olduğumuza görə onların fərqli fikir söyləmək hüquqları var. Həmin qüvvələr bu gün də, sabah da Azərbaycanı tənqid edə bilər, ölkəyə gah Qırğızıstan, gah ərəb, sabah isə lap Monqolustan inqilabı gətirməyə cəhd göstərə, xəyallarında müxtəlif planlar cıza bilərlər”.

YAP-çı millət vəkilinə görə, həmin qüvvələr üçün əsas məsələ Azərbaycanın inkişafı, yenilənməyə doğru gedən yeni modellər təklifi yox, istənilən variantda hakimiyyətə gəlmələridir. Azərbaycan isə artıq bir neçə dəfə öz müasir tarixində belə ssenariləri görüb, yenidən özünü qeyri-müəyyənlik situasiyasına heç vaxt salmaq istəməz. Millət vəkilinə görə, amma bütün müxalifəti bunda ittiham etmək olmaz. Bu gün həm parlamentdə, həm parlamentdən kənar xeyli sayda müxalif qüvvələr var ki, onlar məsələyə real və yaxud da qismən real yanaşırlar. Söhbət bu gün özünün qurduğu xəyal dünyasında yaşayan müxalif qüvvələrdən gedir. Onların ərəb inqilablarını Azərbaycana ekstradisiya etmək istəkləri yalnız özlərinin real siyasi proqramlarının olmamasından irəli gəlir. Mirzəzadə deyib ki, müxalifətin radikal qanadı hələ özlərinin sağ və ya solçu olduqlarını müəyyənləşdirə bilməyiblər: “Azərbaycanın bu gününə, sabahına dair real nə itisadi, nə siyasi proqramları var. Siyasi sistemin islahatlarına dair hər hansı bir yeni fikrləri yoxdur. Əgər öz aralarında xırda bir şeyə görə mübahisələri böyük müharibəyə çevrilirsə, bunun özü göstərir ki, müxalifət nə gündədir. Bir müddət əvvəl yaradılmış İctimai Palata deyilən təşkilatda bu gün müxalif qüvvələr bir-birlərinə qarşı sözün əsl mənasında siyasi müharibədədirlər. Hakimiyyətə gəlməmiş münasibətləri bu qədər gərgin, bir-birini ittiham etmə situasiyasındadırsa, hakimiyyətə gəlsələr nə olacaq”. P.SULTANOVA

OXŞAR XƏBƏRLƏR