ABŞ-da Qarabağla bağlı müzakirə

GƏNCLİK
11:39 30.04.2012
1536

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr həyata keçirilmişdir.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Amerikanın "İrs" (Heritage) Fondu ilə birgə əməkdaşlıq nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr təşkil etmişdir. "İrs" (Heritage) Fondunun mərkəzi qərərgahında baş tutan görüşdə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov "Dağlıq Qarabağ münaqişəsinin həllinə gənclərin baxışı" adlı yeni təqdimatla çıxış etmişdir.

Azərbaycan-Amerika Gənclər Birliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, o çıxışında münaqişənin hazırki durumu, onun həllinə dair Azərbaycandakı gənclərin fikir və baxışlarını çatdırmışdir. Qeyd olunmuşdur ki, artıq münaqişə 20 ildən çox zamandır ki, davam edir və beynəlxalq təşkilatlar, münaqişənin həllinə cəlb olunan dünyanın aparıcı dövlətləri bu münaqişənin həlli istiqamətində kifayət qədər səy göstərmirlər. Xüsusi ilə vurğulanmışdır ki, Azərbaycan trans-atlantik dəyərlərə sadiq ölkədir və Avro-Atlantik strukturlara inteqrasiyanı əsas prioritet seçib, ABŞ-ın bölgədə sülhün əldə olunması və anti-terror əməliyyatlarında fəal iştirak edir, Azərbaycan müxtəlif dinlərin və millətlərin illərlə vətəni olan sülhpərvər və tolerant ölkədir. Bu baxımdan Azərbaycan cəmiyyəti münaqişənin həllində ABŞ-dan daha çox töhfə gözləyir. Təqdimat zamanı Vüqar Əhmədov söyləmişdir ki, Azərbaycan gəncliyi beynəlxalq səviyyədə keçirilən sülh və münaqişələrin həllində gənclərin rolu mövüzularında toplantılara daha geniş qatılır və bu fakt münaqişənin həllinə Azərbaycan tərəfinin daha çox səy göstərməsinin göstəricisidir. Sonda qeyd olunmuşdur ki, münaqişə ilə bağlı vəziyyətin hələ də dəyişməz qalması Azərbaycan gəncliyi arasında müharibə əhval ruhiyyəsinin daha da artmasına gətirib çıxarır.

Öz növbəsində ABŞ-da yaşayan Erməni diasporunun münaqişənin həllinə göstərdiyi mənfi təsir, xüsusən Erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən verilən qərarla Ermənistana və tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikasına" ayrılan maliyyə vəsaitinin münaqişənin həlli prosesinin ləngiməsinə ciddi təsir göstərməsi bildirilmişdir.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan parlamentinin üzvləri Asim Mollazadə və Ceyhun Osmanlı münaqişənin hələ də həll olunmamış qalmasının regionda sülhün və sabitliyin əldə olunmasına göstərdiyi mənfi təsirlərdən danişmışlar.

Daha sonra tədbirə qatılan ABŞ-ın strateji beyin mərkəzlərinin nümayəndələri, münaqişə üzrə ekspertlər mövzu ilə bağlı suallarını vermişlər və tədbir müzakirələrlə davam etmişdir. Amerikalı ekspertlər ABŞ-ın münaqişənin həlli ilə bağlı daha çox hansı proqramların gücləndirilməsinin vacib olmasına dair suallar vermişlər.

Tədbirə qatılan ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynur Piriyeva və "Vətəndaş Cəmiyyətində Debat" Təşkilatının sədri Şahin Seyidzadə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirmişlər. Onlar əsasən münaqişənin həllində və regionda sülh quruculuğu layihələrində gənclərin roluna toxunmuşlar.

Qeyd edək ki, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti-yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başlanan "Dağlıq Qarabağ" Forumu çərçivəsində fəaliyyətini davam etdirir və bunu genişləndirərək dünyanın digər ölkələrində də keçirməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR